“Açığı, işimiz çətin olacaq”

01:20 Zirə 90
“Açığı, işimiz çətin olacaq”

Sportinfo.az “Zirə”nin braziliyalı müdafiəçisi Ruan Renatonun müsahibəsini təqdim edir:

- “Turan Tovuz”un əvəzinə avrokuboklara yollanacağınızı eşidəndə hansı hisslər keçirdiniz?

- Bu qərar bizim üçün gözlənilməz oldu. Hər kəs demək olar ki, tətildə idi. Konfrans Liqasında çıxış edəcəyimizi sonradan bildik. Qərar gözlənilməz olsa da, hazırlığa anidən başlasaq da, avrokubokların startına qədər yaxşı forma yığacağımıza inanıram. Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik.

- “Turan Tovuz”a görə məyus oldunuz?

- Həqiqətən də “Turan Tovuz”a görə məyus oldum. Komanda il ərzində çox əziyyət çəkdi. Öz alın tərləri ilə üçüncü olsalar da, Konfrans Liqasında çıxış etmək bizə qismət oldu. Biz də Azərbaycan adına uğur qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.

- İlk rəqib Kutaisi “Torpedo”sudur. Komandanı necə dəyərləndirirsiniz?

- “Torpedo” haqda müəyyən məlumatım var. Açığı, bu komandaya qarşı işimiz çətin olacaq. Çünki Gürcüstanda çempionat davam edir. Buna görə rəqibin fiziki baxımdan bizdən üstün olacağını söyləmək mümkündür. Ümidvaram ki, ilk oyuna qədər biz də fiziki baxımdan yaxşı durumda olacağıq.

- Şansları necə qiymətləndirirsiniz?

- “Torpedo” heç də zəif deyil. Məncə, şanslar bərabərdir. Sadəcə biz azarkeşlərimizi sevindirmək, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, mərhələ adlayan tərəf biz olacağıq.

- Tiaqo Silva və Ayron Qomis kimi aparıcı heyət üzvlərinin gedişi “Zirə”yə nə dərəcədə təsir edəcək?

- Düzgün vurğuladığınız, həm Silva, həm də Qomis aparıcı oyunçularımız olub. Lakin gəlin unutmayaq ki, komanda bir neçə futbolçudan ibarət deyil, futbol kollektiv oyundur. Həm Tiaqo Silva, həm də Ayron Qomis “Zirə”də çıxış etdikləri illər ərzində komandanın uğuru üçün əllərindən gələni etdilər. Amma futbolda bir gün ayrılıq da olur. İnanıram ki, “Zirə” ilə müqaviləsi davam edən futbolçular komandanın uğuru üçün əllərindən gələni edəcəklər. Yaxşı məşqçilər korpusumuz var. Onlar komandanın ən yaxşı şəkildə güclənməsi üçün çalışırlar.

- Yeni qapıçınız da sizin kimi braziliyalıdır. Maykon Kleytonla əvvəldən tanışlığınız var idi?

- Yox, öncədən tanımırdım. Bildiyimə görə məşqçimizin bəyəndiyi qolkiperlərdəndir. Mən də inanıram ki, komandamıza layiqincə kömək edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?