“Turan Tovuz”un başına gələn hadisə ölkənin idman gündəmini zəbt edib.
Premyer Liqanı 3-cü pillədə başa vuran qərb təmsilçisi avrokuboklarda iştirakdan məhrum ola bilər.
Səbəb 2019-cu ildə 7 futbolçunun danışılmış oyunlarda iştirakıdır ki, klub bu olaya görə UEFA-nın İntizam Komitəsinin qəzəbinə tuş gəlib.
Qurumdan “Turan Tovuz”a göndərilən məktubda “Turan Tovuz”un avrokubokların 2026/27 mövsümündə iştirakdan məhrum olunduğu bildirilib.
İndi hərə bir fərziyyə irəli sürür. Ki, bu xəbəri ortaya atan “Zirə” olub. AFFA-da məsələdən xəbərdar olanlar uzun müddət susub. “Turan Tovuz” kimlərinsə nifrətinin qurbanı olub və sair.
Görəsən, “Turan Tovuz”un Konfrans Liqasında iştirakdan məhrum olunması fonunda 5-ci yerin sahibi “Zirə”yə bu turnirdə iştirak lazımdırmı?
“Zirə” mövsümün yekununa bir tur qalmış avrokuboklara vəsiqəsiz qalacağından xəbərdar idi. Baş məşqçi Rəşad Sadıqov komandanı yeniləmək, növbəti mövsümə daha yaxşı hazırlaşmaq məqsədi ilə 2 aylıq plan qurmuşdu.
Belə bir vəziyyətin yaranması “Zirə”yə də zərbə vurur. 5 futbolçu ilə yollar ayrılıb, hələ ki, yeni futbolçularla razılıq əldə olunmayıb. “Turan Tovuz”un İdman Arbitraj Məhkəməsinə şikayət etdiyini nəzərə alsaq, prosesin müəyyən qədər vaxt aparacağı dəqiqdir.
Yəni “Zirə”dəkilər hələ də Konfrans Liqasında iştirak edib-edəcəyini bilmir. Yekun qərarın nə vaxt açıqlanacağı da naməlumdur.Qərar açıqlanandan sonra tələm-tələsik heyət qurmaq, 5 manatlıq futbolçu ilə 10 manata razılaşmaq zirəlilərin çıxışına mütləq ki, mənfi mənada təsir edəcək.
Klub rəhbərliyi də buna hazır deyil. Əcnəbi futbolçuların yay toplanışına qatılması üçün biletlər alınıb. Lap deyək ki, biletlərin batması, ya da vaxtın dəyişdirilməsi ciddi vaxt tələb etmir.
Bəs, vizaların açılması? Bu, kifayət qədər əmək və zaman sərf edən prosesdir. Təsəvvür edin, UEFA son qərarı iyunun 10-15-də açıqlayır və məlum olur ki, Konfrans Liqasında “Turan Tovuz” yox, “Zirə” mübarizə aparacaq.
Rəşad Sadıqov 3-4 həftəyə komanda qurmalı, hazırlıq keçməli, rəqibi analiz etməli, rəhbərlik isə bütün təşkilati işləri yoluna qoymalıdır.
Bilirsiniz, nəyə bənzəyir?
Sanki səhər saat 6-da yuxunun ən şirin yerində sizi oyadıb yarım saata toya hazırlaşmalı olduğunu deyirlər.
İndi siz deyin, bu, “Zirə”yə lazımdır?
HƏBİB / SPORTİNFO.AZ

