Tiaqo Silva gələcəyi ilə bağlı yekun qərarını verib.
2023-cü ildən «Zirə»nin formasını geyinən portuqaliyalı qapıçı Azərbaycanda qalmağı üstün tutub. 26 yaşlı kiper «qartallar»la yeni müqavilə imzalayıb. O. daha iki il qəsəbə təmsilçisinin uğurları üçün tər tökəcək.
Gənclik illərini «Benfika»nın akademiyasında keçirmiş «əlcək sahibi» ölkəmizə gələnədək yalnız öz ölkəsində çıxış edib.
2019-2023-cü illər aralığında «Vitoriya Gimarayeş», «Leyşoes» və «Trovense»nin şərəfini qoruyub.
Tiaqo Silvanın düşərgədə saxlanılması başadüşüləndir. O, 3 il ərzində özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Rəşad Sadıqov ilk və son mövsümdə portuqaliyalıya davamlı şans tanıyıb. Kriştianu Ronaldonun həmyerlisi isə istər ölkədaxili, istərsə də avro-yarışlarda bu etimadın təsadüfi olmadığını sübuta yetirib.
SPORTİNFO.AZ

