"Zirə" uzun aradan sonra avrokuboklardan kənarda qaldı.
"Neftçi"ni qabaqlamağa cəmi 3 xal yetmədi.
Nə baş verdi, nələr oldu ki, Rəşad Sadıqov bunu bacarmadı?
Dərindən analiz edib, çox səbəblər tapmaq olar.
Turnir cədvəlinə göz atanda bir məqam diqqət çəkir - çox sayda bərabərlik.
Bunu görmək üçün nə analiz, nə də dərin düşüncə lazımdır.
"Qartallar" arxada qalan mövsüm nə az, nə çox 14 dəfə heçə-heçə edib.
Və bu göstəricidə digər 11 klubu qabaqlayır.
Heç-heçəni daha çox o komandalar edir ki, meydana məğlub olmamaq üçün çıxır.
Məsələn, autsayderlər, bərk ortabablar kimi.
Əbəs deyil ki, "Zirə"dən sonra ən çox bərabərlik uyğun olaraq "İmişli" və "Şamaxı"dadır. Bu anlaşılandır. Hər iki klub büdcədə, keyfiyyətdə 6-7 rəqibinə uduzur. Həmin komandalarla oyunda məcburən 1 xalı da qənimət hesab edir.
Düzdü, "Neftçi"nin də "Şamaxı" qədər heç-heçəsi var. Amma "ağ qaralar" Yuri Vernidubun gəlişindən sonra bu şakərindən əl çəkdi.
"Zirə" isə sona qədər eyni fəlsəfədə davam etdi.
Təcrübəli Sadıqov kollektivi "əsas odur məğlub olmayaq" prinsiplərindən uzaq tuta bilsəydi, əminəm ki, bərabərlik sayı da az olardı.
Ən azı 14 olmazdı.
Ümumiyyətlə, hədəflərin yüksəkdirsə, yüksək də düşünmək məcburiyyətindəsən.
Əks halda, sonluq bu cür ağır olur.
XANOĞLAN / SPORTİNFO.AZ

