Bu mövsüm daha çox hakimlər müzakirə olundu.
Səbəblər də nə qədər desəniz.
Referilərin elə kobud xətaları oldu ki...
Nə dilə gətiriləsi deyil, danışılası.
İzah vermək, ad qoymaq mümkünsüzdür.
Niyəsi barədə də çox danışılıb/müzakirələr aparılıb.
Ən doğrusunu isə Allah bilir.
Həmin niyələr arasında adı ən çox çəkilən klublardan biri isə "Zirə" oldu.
Ay hakimlər Rəşad Sadıqovun komandasına kömək edir, ay "Zirə"ni Avropaya dartırlar və.s.
Deyənləri də qınamaq olmur. Yenə deyirəm, bu mövsüm referilər sanki başlarını tam itiriblər. Çox anormal qərarları ilə çox söz-söhbətlərə yol açmış oldular.
Həmin söhbətlər arasında "yanan" klublardan birincisi "Zirə"dir.
Nə oynadılar, nə oyun qurdular demək çətindir.
Amma fakt odur ki, aylardı səslənən "Zirə"ni hakimlər dartır" fikri sona doğru sabun köpüyünə döndü.
"Qartallar" ölkə kubokunun finalında məğlub oldu.
Liqada 4-cü pilləni 11 xal öndə olduğu "Neftçi"yə təhvil verdi.
Niyəsə dünən bu klub ətrafında iddia səsləndirənlər bu gün susub.
Biri var məqsədinə çatasan, onda gələn ittihamlara da "cəhənnəm canım" deyib bir təhər dözərsən.
Avrokuboklardan kənarda qalan da "Zirə", hakimlərin "dartıllar' damğası ilə üz-üzə qalan da "Zirə".
XANOĞLAN / SPORTİNFO.AZ

