Görünən odur ki, Premyer Liqanın son 3 turu xüsusi maraq və gərginlik altında keçəcək.
Avrokuboklara 4 vəsiqədən 3-nün sahibi məlumdur. “Sabah” çempionluğu, “Qarabağ”la “Turan Tovuz”un Avropaya gedəcəyini rəsmiləşdirib.
Yerdə bir vəsiqə qalib ki, həmin “bilet”in uğrunda “Neftçi”ylə “Zirə” mübarizə aparır. “Qartallar” ölkə kubokunun finalında “Sabah”ı məğlub edə bilməsə, 4-cü yerin dəyəri kəllə-çarxa qalxacaq.
Zirəlilıər “İmişli” ilə səfər qarşılaşmasında qolsuz bərabərə qalmaqla “Neftçi”nin işini asanlaşdırdı.
Onsuz da “ağ-qaralar” turnir cədvəlində “qartallar”ı 1 xal üstələyirdi. Qubada 0:0-ın qeydə alınması ilə Yuri Vernidubun komandasının bir az da önə çıxmaq imkanı yarandı.
Bu, o deməkdir ki, “Neftçi” bazar günü öz meydanında “Şamaxı”nı məğlub etsə, “Zirə”ylə fərq 3-ə yüksələcək və çempionatı 4-cü yerdə başa vurmaq şansı kifayət qədər artacaq.
“Ağ-qaralar”ı 32-ci turda “Sabah”la oyun gözləyir. Bakılılar “Şamaxı”nı udub, “Sabah”a məğlub olsa, “Zirə” də “Sumqayıt”ı üstələsə belə, sona 1 tur qalmış xallar bərabərləşəcək və ümumi qələbə sayına görə üstünlük “Neftçi”nin tərəfində olacaq.
“Zirə”nin “İmişli”ilə etdiyi heç-heçədən sonra “Neftçi”nin əlinə inanılmaz dərəcədə əla fürsət düşüb. “Qarabağ” və “Karvan-Yevlax” üzərindəki parlaq qələbələr kollektivdə əhval-ruhiyyəni bir az da yüksəldib. Paytaxt təmsilçisi son 7 matçın 6-sını qələbə ilə başa vurub.
“Şamaxı”da isə “çemodan” əhval-ruhiyyəsi hökm sürür. Çempionatda qalmaq tapşırığının öhdəsindən çoxdan gələn bölgə təmsilçisinin futbolçuları mövsümün başa çatmasını səbrsizlikıə gözləyir. Yeganə prinsipial məqam turnir cədvəlində “Sumqayıt”ı qabaqlamaqdır.
Bu yerdə bir xüsusi məqama toxunmaq yerinə düşər.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Zirə”ni çalışdıran Rəşad Sadıqovla uzun illər “Qarabağ”da komanda yoldaşı olub. Abbasovun vaxtilə öncə “Zirə”nin əvəzedici, daha sonra əsas komandasını çalışdırmasında da Sadıqov amili xüsusi rol oynayıb.
Odur ki, Ayxan Abbasovun “Şamaxı”sı belə həssas və vacib məqamda ukraynalı Vernidubun “Neftçi”sini büdrətməklə Rəşad Sadıqovun “Zirə”sinə sözün əsl mənasında kömək etmiş olar. Bu, həm də bir azərbaycanlının digər azərbaycanlı həmkarının avrokuboklara vəsiqə qazanmasına dəstək nümayiş etdirməsi kimi qələmə veriləcək.
Şamaxılılar Bakı səfərində qələbə qazansa, “Neftçi”ylə “Zirə”nin xalları eyni – 50 qalacaq. Sona 2 tur qalmış təqvimin zirəlilər üçü daha uyğun olduğunu nəzərə alsaq, “Şamaxı”nın mümkün qalibiyyəti “Zirə”nin xeyrinə işləyə bilər.
Mayın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” qarşılaşması saat 19:30-da çalınacaq.
HƏBİB

