"Çox gözəl matç alındı. Əsas Ulu Öndərin xatirəsidir.
Dövlət qurumları arasında keçirilən 4-cü minifutbol turnirinin finalı ərəfəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə oyunun keçirilməsi çox xoş oldu.
Gərgin və maraqlı qarşılaşma alındı. Hesab 6:6 oldu. Futbolsevərlər üçün maraqlı bir matç keçdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş hökumət və Milli Məclis üzvləri arasında keçirilən yoldaşlıq oyunu barədə danışarkən deyib.
Eyni zamanda “Zirə” futbol klubunun İdarə Heyətinin sədri olan O.Məmmədov ölkə kubokunun finalı barədə da danışıb:
“Final üçün futbolçularımızın motivasiyası ən yüksək səviyyədədir. Artıq tariximizdə üçüncü dəfə kubokda final oynayacağıq.
Təcrübəmiz var. “Sabah”ın gücü bəllidir. Bu il ölkə çempionu oldular. Əminəm ki, final matçı da gərgin mübarizə şəraitində keçəcək.
Çempionatda son oyunumuz heç-heçə bitdi. Komandamız bu dəfə də “Sabah”a qarşı döyüşəcək”.

