Təcrübə və bəxt bir araya gələndə, hər şey yaxşı olur.
İstənilən baş məşqçi bunu arzulayır və istəyir.
Rəşad Sadıqov kimi.
Düzdür, onun heç də həmişə bu cəhətdən bəxti gətirmir, amma gətirdi ha… Qarşısındakı komandanın «kitab»ı bağlandı.
«Qəbələ» kimi.
«Qəbələ»ni Zirədə qələbədən talesizlik ayırdı.
Qol vurdular, topa əllə müdaxilə var idi deyə, sayılmadı. Hesab açılanadək dəfələrlə epizod yaratdılar, özləri qapının içinə girdilər, topu ora göndərə bilmədilər.
Nə illah elədilər, toru silkələmək xoşbəxtliyi qonaq futbolçulardan heç birinə müəssər olmadı.
Əsl tragikomediya yaşandı «Qəbələ» cəbhəsində. Rəşad Sadıqov transfer sahəsinin zərgəridir. Qış fasiləsindən sonra «Sabah»dan gətirdiyi Anatoli Nuriyev çox iş görür
«Zirə» üçün. Yevlaxda «Karvan»a qələbə qolunu vurmuşdu, burada da məhsuldar ötürməylə yadda qaldı.
Ukrayna doğumlu yarımmüdafiəçinin Junior Martinsə verdiyi o ağıllı pasa qədər «Zirə»nin nə ərazi üstünlüyü var idi, nə də qol epizodu.
Ev sahibləri oyunboyu elə yorğun və halsız təsir bağışlayırdı ki…
Sıx qrafik, bir-birindən həyacanlı oyun zənciri və zədə epidemiyası ilə burun-buruna gəlmiş futbolçuların çoxluğu - bütun bunlar «Zirə»ni hədsiz sıxır.
KAMİL

