Son dövrlər tovuzlu azarkeşlərin Rəşad Sadıqova olan neqativ münasibəti artan templə davam edirdi.
Artıq hər oyunda, hər fürsətdə bölgə klubunun fanatları təcrübəli mütəxəssisin ünvanına şüarlar səsləndirirdi.
Təbii ki, xoş hal deyildi.
Niyəsini isə bilən yox idi.
Az olmayıb ki, məşqçilər tribunalardan gələn irada anında reaksiya veriblər.
Və ya mətbuat konfransında kəskin cavab veriblər.
Sadıqov hər dəfəsində səbrli davranış göstərirdi.
Ölkə kubokunun yarımfinal mərhələsində "Turan Tovuz"la baş tutan cavab görüşündə sonra məsələyə geniş izah verib.
Qaranlıq qalan məqamlara detallı aydınlıq gətirib:
"Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, "Turan"a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, "Şəfa"da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, "Turan"da oynayacağam. Şəhəri də, azarkeşləri də çox sevmişdim. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə "Turan"dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar.
"Şamaxı" - "Turan Tovuz" oyununda 75-ci dəqiqədə epizod var idi. Oyunu tribunada izləyirdim. Orada "Turan Tovuz" rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. "Şamaxı" rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişəm. "Turan Tovuz" azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmüdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevinmşəm. Halbuki "Şamaxı" rəhbərliyinə də dedim ki, penalti deyil. "Turan Tovuz"un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu "Turan Tovuz" azarkeşlərinə o formada kim çatdırıb. Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Bir çoxları məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Oyunlara tez-tez gedirəm, stadionda izləmək daha maraqlı gəlir. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verir. Stadiona zövq almağa gedirəm. Qəlblərində bilsinlər ki, "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Həmişə komanda ilə maraqlanmışıq. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir".
Hər zaman demişəm ki, klublar, futbolçu və məşqçilər azarkeşlərin qəlbini almağı bacarmalıdır.
Əgər bir narazılıq varsa da onların qapısına getməli, həll yolu tapmalıdır.
Bu, birinci növbədə onların özünə lazımdır.
Sadıqovun addımını çox bəyəndim.
Hətta həmkarlarına nümunə göstərilə biləcək qədər.
Vəziyyəti başa saldı, bilməyənləri məsələdən agah etdi.
Azarkeş media və digər tərəflərlə kommunikasiya qurmaq bacarığı bu olsun gərək.
XANOĞLAN / SPORTİNFO.AZ

