Dramatik keçən “Zirə” – “Neftçi” qarşılaşmasında qalib müəyyənləşmədi.
Qonaqlar hesabda önə keçsə də, zirəlilər son saniyələrdə bərabərlik qolunu vurmağa müvəffəq oldu.
Sportinfo.az-a müsahibə verən “Qalatasaray”ın keçmiş hücumçusu Eren Aydın sualları cavablandırıb.
- Oyunun gedişatını bu cür təsəvvür edirdin?
- Çətin olacağı hamıya məlum idi. “Neftçi” keyfiyyətli futbolçulara sahib yaxşı təşkilatlanmış komandadır. Belə oyunlar ağır keçir. Diqqətsizlik ucbatından qol buraxsaq da, xarakter nümayiş etdirib bərabərlik topunu vurduq. Turnir cədvəlindəki vəziyyətə baxsaq, 1 xal bizim üçün sərfəli hesab edilə bilər. Qarşıdakı 5 oyunun hamısını qalib başa vurub avrokuboklara vəsiqə qazanacağımıza ümid edirəm.
- “Zirə” 1 xalı haqq etdi?
- Hər iki komanda çox yaxşı futbol nümayiş etdirdi. Fikrimcə, izləyicilər oyundan zövq aldı. Son 15 dəqiqədə göstərdiyimiz xarakteri və təzyiqi nəzərə alsaq, “Neftçi”ylə heç-heçə oyuna görə oldu.
- Aprelin 21-də “Zirə”ni “Turan Tovuz”la kubok qarşılaşması gözləyir. Yorğunluq yəqin ki, özünü göstərəcək.
- Şərtlər hər iki komanda üçün eynidir. Çünki “Turan Tovuz” da bu gün ağır oyun keçirib. Heyətimiz genişdir, yəqin ki, baş məşqçimiz rotasiyalar edəcək. Bu dəqiqə yorğunluq yox, finala yüksəlmək barədə düşünürük.
- “Zirə” üçün avrokuboklara vəsiqə şansı çempionat yolu ilə rahat görünür, yoxsa kuboku qazanmaqla?
- Turnirləri bir-birindən ayırmırıq. Hər ikisi vacibdir. Hər bir futbolçu titul, kubok qazanmaq istəyir. Azərbaycan kubokuna sahib olmaq qarşımızda duran hədəfdir. Finala yüksəlsək, rəqibimiz “Qarabağ”la “Sabah”dan biri olacaq. Hər ikisi çox güclü rəqibdir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Final bir oyundan ibarət olduğu üçün öncədən nəsə demək olmur. Bəzən favorit komanda məğlubiyyət acısı yaşayır. “Qalatasaray” kimi komanda Türkiyə kubokunun finalında uduzur. Avrokuboklara vəsiqə qazanacağımıza inanıram. Bundan sonrakı matçlarda daha diqqətli və keyfiyyətli olmalıyıq.
HƏBİB

