Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu axşam Xorvatiyada meydana çıxacaq.
“Qartallar” sözügedən turnirin 3-cü təsnifat mərhələsinin ilk görüşündə “Osiyek”lə münasibətlərinə aydınlıq gətirəcək.
Osiyek şəhərinin eyniadlı komandası zəngin tarixə malikdir, Xorvatiyada böyük nüfuz sahibidir, avrokubok təcrübəsi az deyil, heyətində Braziliya və Argentinadan legionerlər var və sair.
Ancaq bir məqamı unutmamalıyıq. “Osiyek” hər nə qədər tanınmış klub olsa da, avrokuboklarda uğur qazana bilməyib. “Ağ-mavilər” 1995-ci ildən iştirak etdiyi Avropa turnirlərində 51 oyun keçirib və bu günə qədər heç vaxt qrup mərhələsinin sevincini yaşamayıb.
Yalnız bir dəfə - 2017/18 mövsümündə buna yaxın olub. Avropa Liqasında yarışan xorvatlar güclü “Lütsern”lə “PSV Eydhoven”i keçsələr də, “Austriya”da ilişiblər.
Bəli, üstün cəhətləri doğma divarlar arasında inamlı görünmələri, Osiyekdə görüşlərdə əksər hallarda qələbəyə sevinmələridir. Son illərdə öz tərəfdarlarının gözləri önündə “ÇSKA Sofiya”, “Poqon”, “Zalaeqerseq“, “Adana Demirspor” kimi rəqiblərini Xorvatiyadan məğlub yola salıblar.
“Zirə” bu komanda ilə layiqli futbol oynaya, hətta səfərdən məğlub olmadan qayıda bilər. Minimal hesablı yenilgi belə, dünyanın sonu sayılmayacaq. Bir həftə sonra “Dalğa Arena”da sərfəli nəticə qazanmaqla pley-offa yüksəlmək mümkün görünür.
“Osiyek” ad və maliyyə baxımından hər nə qədər təmsilçimizi üstələsə də, keçilməz komanda deyil. Balkanlardan qorxmadan əvvəlki matçlardakı istəyi və futbolu nümayiş etdirməklə növbəti mərhələnin qapılarını elə Osiyekdə aralamaq olar.
Bu axşam “Opus Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ