"Qarabağ"a məğlubiyyətin gətirdiyi XOŞ QIĞILCIM

7 İyun 2024 23:40 Zirə 3 140
"Qarabağ"a məğlubiyyətin gətirdiyi XOŞ QIĞILCIM

"Zirə" mövsüm ərzində ən çox müzakirə olunan klublar sırasında oldu.

Ardıcıl qələbələr qazananda belə bu klubun uğuru əksəriyyət tərəfindən isti qarşılanmırdı.

Əsas arqument isə komandanın ortaya qoyduğu oyun idi.

Söhbət hər matçda baxımlı, topa hakim olan "Zirə" görməkdən getmir.

"Qartallar"ın belə bir məcburiyyəti də yoxdur.

Məsələ odur ki, Sadıqovun yetirmələrinin çıxışına ümumi ad qoymaq müşkül məsələ idi.

Bəlli deyildi ki, bu komanda hücum futbolu oynayır, yoxsa müdafiə.

Amma Ölkə Kubokunun finalı bütün mövsümü kölgədə qoydu.

Rəşad Sadıqovun komandasından gözləntilərimizi qarşılayan, hətta aşan performans izlədik.

Rəqib "Qarabağ"dırsa açıq futbol oynamaqla özünə qəsd etmiş olardın. Tam qapanmaq, arxada "avtobus" qurmaq da yanmağa aparan yol olacaqdı.

Ağdamlıların sabiq kapitanı bunları gözəl bilirdi. Ona görə də meydana buraxdığı "11-lik"dən tələbi rəqibi mərkəzdə qarşılamaq idi. Belədə ələ keçirilən topların həm də daha erkən Lunyovun çərçivəsinə çatdırılması demək idi.

Mexanizm əla işləyirdi. Rəqibə demək olar ki, fürsət verməyən qonaqlar özü də yarım qol epizodlarına girə bilirdi. Hətta bir epizodda Marko Yankoviçin kritik müdaxiləsi Rəhim Sadıxovun fərqlənməsinə mane oldu. Müdafiə dördlüsü yox, monteneqrolunun Lunyovun bir neçə metrliyində qola mane olması qurulan sürətli əks-hücumun açıq mesajı idi.

Bəlkə də oyunun qırılma nöqtəsi...

Sadıxov fasilə öncəsi fərqlənsəydi hər şey tam fərqli də ola bilərdi. Amma əksi baş verdi.

Məhz yuxarıdakı epizoddan cəmi 4 dəqiqə sonra - 43-cü dəqiqədə Qismət Alıyevin ani diqqətsizliyindən sonra Olavio Juninyonun ələ keçirdiyi topu əla reydlə davam etdiən Nəriman Axunzadə yenidən braziliyalı qaytarınca top qapıdan keçdi. Qolda hazırlıqsız yaxalanan "Zirə" müdafiəsinin çaşqınlığı diqqətdən qaçmadı.

İkinci yarı isə tərəflər daha baxımlı futbolla yadda qaldılar.

Top gah bu qapıda, gah da digər qapıda olurdu.

Paytaxt təmsilçisi "Qarabağ"a əməlli-başlı problemlər yaradırdı. Təslim olmaqdan söhbət belə gedə bilməzdi.

Bunun məntiqi nəticəsi olaraq İsmayıl İbrahimlininn vurduğu qolla oyunda tarazlıq yarandı. Amma komandanın fürsəti olmadı ki, ilk hissədəki nizamlı oyuna qayıdıb, minimum hesabı qorumağa çalışsın. Abdullah Zubirin qələbəni gətirən qolu vurmasına cəmi 4 dəqiqə lazım oldu.

Son yarım saatda qonaqlar layiqli mübarizəsi ilə ən azı bərabərlik qolunu haqq edirdi.

Amma gah tir, gah da bəxt "Qarabağ"ın yanında oldu.

Bir neçə hücumda isə Romao kritik müdaxilələri ilə komandasının dadına çatdı.

Son saniyələrdə kapitan Qismət Alıyevin bərbad zərbəsi isə olan-qalan ümidləri də puç etdi.

Düzdü, kubok əldən çıxdı.

Amma Sadıqovun komandası avrokuboklar öncəsi sərgilədiyi mübarizə ilə gələcəyə ümid verdi.

İnanaq ki, dünənki xoş qığılcım Avropa səhnəsində böyük partlayışların açarı olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA