Azərbaycana qayıdan futbolçu ilə bağlı acı mənzərənin PORTRETİ

26 Mart 09:40 Zirə 3 205
Azərbaycana qayıdan futbolçu ilə bağlı acı mənzərənin PORTRETİ

Araz Abdullayev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Uğur dalınca beşinci dəfə Avropaya yollanan futbolçunun arzusu bu dəfə də ürəyində qaldı. Vaxtilə ölkənin ən istedadlı oyunçularından hesab olunan “7 nömrə” ötən ilin yayında Kosova təmsilçisi “Llapi” ilə anlaşmışdı.

İlk dönəmlərdə məşqçilər heyətinin etimadını qazanan həmyerlimiz zaman-zaman meydana çıxırdı. Avqust-sentyabr aralığında 5 matçda ümumilikdə 81 dəqiqə top dalınca qaçmış, 1 məhsuldar ötürmənin müəllifi olmuşdu.

Araz sonuncu dəfə 6 ay əvvəl rəsmi oyunda meydana çıxıb. Sentyabrın 30-da “Balkani” ilə qarşılaşmada 38 dəqiqə mübarizə aparıb. Həmin tarixdən bu yana zədədən əziyyət çəkib. Hər halda, statistika portallarında belə yazılıb.

Kosovaya getməmişdən əvvəl də işləri qaydasında getmirdi. 2022-23 mövsümünə “Sumqayıt”ın heyətində başlayan vinger Samir Abasovun gəlişindən bir neçə gün sonra “kimyaçılar”dan ayrılmışdı. Sonuncu dəfə rəsmi oyunun həyəcanını 2022-ci ilin oktyabrın 28-də səfərdə “Turan Tovuz”la görüşdə yaşamış, noyabrda “Sumqayıt”ı tərk etmişdi.

Bu o deməkdir ki, “Zirə”nin yeni transferi 2022-ci ilin oktyabrından bu yana, yəni son 17 ayda cəmi 5 oyunda forma şansı qazanıb.

Onun iddiaları yüksək olan komandaya necə xeyir verəcəyini yaxın 2 ayda görəcəyik.

“Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, Yunanıstanın “Panionios”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Llapi” klublarının üvzü olmuş Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!