“Rəşad Sadıqovla başqa münasibətim var” – Səmimi etiraflar

8 Mart 15:00 Zirə 956
“Rəşad Sadıqovla başqa münasibətim var” – Səmimi etiraflar

“Zirə”nin Yunanıstandan olan legioneri Dmitrios Çantakias meydanda kifayət qədər hərəkətli və aqressiv görünsə də, gündəlik həyatda kifayət qədər utancaq və sakit biridir.

Mətbuata müsahibə verəcək, jurnalistlə üz-üzə dayanıb sualları cavablandıracaq qədər utancaq.

“Turan Tovuz”la oyundan sonra yaxınlaşıb bir neçə suala cavab verməsini xahiş edəndə, danışmaq istəmirdi, başqa futbolçularla ünsiyyət qurmağı məsləhət görürdü.

Səbəbini ingilis dilində mükəmməl danışa bilməməsi ilə əlaqələndirirdi.

Bir neçə saniyəlik çək-çevirdən sonra Diminin “saqqınızı oğurlamaq” mümkün oldu.

- Rəşad Sadıqov oyundan sonra sizə nə dedi?

- Azlıqda qaldığımız halda göstərdiyimiz xarakterə və yekunda qazandığımız 1 xala görə təşəkkürünü bildirdi. Lakin bununla qane olmamalıyıq. Bu dəqiqə hər itirilən xalın böyük mənası var. Bunun acısını yekunda çəkə bilərik.

- Künc zərbəsi zamanı komandana penalti qazandırdın. Rəqib cərimə meydançasına qaçarkən qola səbəbkar olacağını hiss etmişdin?

- 10 nəfərlə qalandan sonra əsas “silahımız” standart vəziyyətlərdən istifadə etmək ola bilərdi. Ümumiyyətlə, “duran toplar” zamanı hər dəfə baş məşqçimizdən dəstək görürəm. O mənə inandığını, nəsə edə biləcəyimi deyir. Mən də bacardığım qədər “Zirə”yə fayda verməyə çalışıram.

- “Qarabağ”ı çıxsaq, yerdə qalan 3 vəsiqə uğrunda 7 komanda mübarizə aparır ki, biri də şərəfini qoruduğun komandadır. Mübarizə kənardan çətin görünür. İçəridən baxanda necədir?

- Kənardan göründüyü kimi (gülür). Rəqiblərin xal qazanması bizə əlavə motivasiya verir. Başa düşürük ki, yaxşı olmaq üçün daha artığını etməliyik və heç bir halda arxayınlaşmamalıyıq. Mübarizə sona qədər davam edəcək. Sonda kimlərin sevinəcəyini mayda görəcəyik.

- Komandaya fayda verən futbolçulardansan ki, müqavilən müddəti yayda başa çatacaq. Gələcəyini necə və harada görürsən?

- Səmimi deyim, 2020-ci ildə Azərbaycana gələndə inanmazdım ki, burada 4-5 il qalaram. Gələndən sonra hamı ilə dostlaşdım, Bakını bəyəndim və hər kəsdən özümə qarşı dəstək gördüm. Mıəhz buna görə də 4 ildir buradayam. Rəşad Sadıqovla başqa münasibətim var. Bir-birimizə hədsiz hörmət bəsləyirik, əksər hallarda məşqçi-futbolçu, yeri gələndə dost-qardaş kimi danışırıq. Baş məşqçi qalmağımı istəsə, ona “hə” demək mənim üçün çətin olmayacaq. Amma bu dəqiqə gələcək haqda yox, hazırkı vəziyyət haqda düşünürəm. Qarşımızda duran hədəfin öhdəsindən gələk, müqavilə barədə danışmaq üçün vaxtımız olacaq.

- Meydanda aqressiv görünürsən, hər zaman rəqib futbolçularla, hakimlərlə danışırsan, mübahisə edirsən. Bildiyimə görə, həyatda tam fərqlisən. Səbəb nədir?

- Özüm də bilmirəm (gülür). Meydana çıxanda kimə qarşı oynamağım mənə fərq etmir. Çalışıram ki, müdafiəçi kimi aqressiv olum. Uşaq vaxtı kəndlərarası yarışlar keçirilirdi, bizim kəndimiz də həmişə orada iştirak edirdi. 13-14 yaşlarında idim, meydanda danışırdım, dalaşırdıq. Ertəsi məktəbdə üz-üzə gələndə uşaqlar soruşurdular ki, Dimi, futbol oynayanda niyə dəyişirsən? Deyirdim, meydana çıxanda sizi tanımıram.

- Yunanıstan və Azərbaycan arasında mental oxşarlıqlar, insanların xarakterlərində bənzərliklər hiss edirsən?

- Fərqlər varsa da, çox azdır. Bəli, ümumi planda oxşarlıq var. Artıq Azərbaycanı özümə doğma bilirəm, burada çox rahatam. Mentalitet, insanların bizə yanaşması, kömək etməsi, rahatlıq, təhlükəsizlik – hər şey ürəyimcədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti