Bunlar qovulmaq istəyir - Qəsd, yoxsa qəsdən?

17 Dekabr 2023 23:40 Zirə 483
Bunlar qovulmaq istəyir - Qəsd, yoxsa qəsdən?

Liderlər qrupunda qalmaq istəyən komandanın ardıcıl 4 tur qol vura bilməməsi nadir göstəricidir.

«Zirə» bu mənada bütün ehtimalları alt-üst edir.

Axır dörd həftədə iki heç-heçə et, iki məğlubiyyət al, yenə də zirvənin biraddımlığında mövqeyini qoruyub saxla - belə hallara az-az rast gəlinir.

«Zirə» Premyer Liqada sonuncu qələbəsini noyabrın 12-də, 13-cü turda, «Qəbələ» ilə evdəki qarşılaşmada qazanıb.

Onu da Qismət Alıyevin penalti qoluyla. O tarixdən keçən 1 aylıq müddətdə qol vura bilməyən komandanın bir sürü problemi var, deməli.

Ən başlıcası da hücum xəttiylə bağlı. Biz demirik ki, «Zirə» baxımlı futbol oynayır və hər oyunda rəqib qapısı ağzında xeyli sayda təhlükəli epizod yaradır.

Bunu Rəşad Sadıqovun özü də demir. Nə vaxt açıqlamalarına diqqət yetirmişik, taktiki mücadiləyə üstünlük verdiklərini söyləyir.

Lap nə olur-olsun, necə oynayırlar oynasınlar, 1-2 qol vəziyyətinə girmək mümkündür.

Uzağa getməyək. «Zirə» dünən Tovuzda «Turan»ın qonağı idi və axır 15 dəqiqədə, yəni ki, qapısında qol görəndən sonra hesabı bərabərləşdirmək üçün çox cəhd göstərdilər.

İmkanları yaranmadımı, yarandı. Kimə deyəsən, hücum xəttinin sivri adamları lal olub susdu yenə.

Nə məqsədlə o formanı geyinirlər, amalları nədir, niyə «qol orucu» tuturlar, Rəşad Sadqovdan xahiş edərdim, bu sualları onların özlərinə versin.

Sanki bunu vaxtından əvvəl klubdan göndərilmək, müqavilələrinin birtərəfli qaydada pozulması, əvəzində 5-6 ayın maaşını bəribaşdan kompensasiya şəklində alıb başqa yerə getmək üçün baş məşqçini çilədən çıxarırlar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!