Növbəti mövsümdə çempionluğu hədəfləyən “Sabah” növbəti transferini reallaşdırıb.
“Tələbələr” Rəhman Daşdəmirovla Sofian Çaklanın ardından Jarl Marqaritanın da keçidini həll edib.
Niderlandın ikinci liqa təmsilçisi “Top Oss” klubundan transfer olunan futbolçu ilə 4 illik sözləşmə imzalanıb.
Əslən Koraçaodan olan, lakin Niderlandda doğulan 23 yaşlı Jarın futbolçu karyerası elə bu ölkə ilə bağlıdır.
Uşaq və gənc yaşlarında “Qroningen”in aşağı yaş qruplarından ibarət komandalarında çıxış etdikdən sonra “Emmen”ə, oradan da “Hooqeveen”ə üz tutub.
2020-ci ildə Niderlandın ikinci liqası sayılan Erst divizionunda debüt edib və son 3 ili məhz bu çempionatda top qovub. İlk ili “Almere Siti”də oynayıb, son iki mövsümü “TOP Oss”da keçirib.
Başa çatan mövsümdə bu komandanın aparıcı futbolçularından sayılan Marqarita meydana çıxdığı 28 qarşılaşmada 12 qol və 6assistlə yadda qalıb.
Erst divizionunda son 3 ildəki göstəriciləri belədir: 72 matç, 19 qol, 14 assist.
“Sabah”ın Jarl üçün transfer pulu ödəyib, onu Azərbaycana gətirməsinin səbəbi məlumdur. Baş məşqçi Murad Musayev vingeri Aleksey Kaşukun əvəzləyicisi gözündə görür.
Ukrayna U-21-nin “Şaxtyor”a məxsus olan futbolçusunun karyerasını ölkəmizdə davam etdirəcəyi qətiyyən inandırıcı görünmür. Kaşukun “elçilər”i neçə vaxtdır Donetsk klubunun “qapısında yatır”.
Marqaritanın istedadlı ukraynalını layiqincə əvəzləyəcəyi şübhə doğurmur. Çünki, kifayət qədər potensiala malikdir. Əsas olan mühitə və komandaya uyğunlaşmasıdır.
Koraçao millisinə dəvət alan, lakin hələ də debüt şansı qazanmayan futbolçu hər iki cinahda oynamaq bacarığı ilə seçilir. Hətta mərkəz yarımmüdafiəçisi kimi də effektli görünür.
İldırım sürətinə malikdir. İstər topla, istərsə də topsuz halda sürətlənəndə əlçatmaz olur. Hər iki ayağından məharətlə faydalanmağı bacarır. Amma işlək ayağı sağdır. Əks-hücumlar üçün əla “silahdır”. Öldürücü zərbələri var.
Oyun stilinə görə Kaşuku yox, daha çox Coy-Lens Mikelsi xatırladır. Cərimə meydançasına rahat daxil olub, bir toxunuşla rəqib qapısının torunu silkələyir, ən pis halda assist müəllifinə çevrilir. Topa vuruş üslubları da eynidir.
“Sabah”da Niderlanddakı çıxışının davamını gətirə bilsə, ən qısa zamanda Premyer Liqanın ulduzlarından birinə çevriləcək.
HƏBİB / SPORTİNFO.AZ

