“Qəbələ”nin bu dərəcədə çarəsiz duruma düşdüyü dönəmi xatırlamaq çətindir.
Bir neçə il əvvəl Avroliqanın qrup mərhələsində çıxış edən, çempionluq uğrunda “Qarabağ”la amansız mübarizə aparan, ölkə kubokunun son qalibinə çevrilən komanda Konfrans Liqası öncəsi 10-a yaxın futbolçusunu itirdi.
Biri İsrailə üz tutdu, digəri karyerasını Rumıniyada davam etdirməyi qərar aldı, iki futbolçu “Zirə”ylə anlaşdı.
Təbii, hər birinin gedişi bölgə təmsilçisi üçün itki sayıla bilər.
Amma bir nəfər var ki, azarkeşlər onun yoxluğu ilə heç cür barışa bilmir. Ruan Renatonun gedişi qəbələlilərə pis təsir edib.
Braziliyalı müdafiəçi karyerasının böyük hissəsini “Qəbələ”yə həsr etməyib. 10 illik peşəkar karyerasının cəmi 2 ilini qırmızı-qara formada keçirib ki, bu müddətdə 72 oyunda meydana çıxmaqla 4 qol vurub, 1 assist edib.
Ruanı sevdirən onun döyüşkən xarakterli olması, komandanın uğuru naminə canından keçməyə hazır olması, bir sözlə qladiator təsiri bağışlamasıydı.
Yerli publika onu insani keyfiyyətlərinə, yəni, gülərüzlü olmasına və özünü sadə aparmasına görə sevirdi. Və heç kimin ağlına gəlməzdi ki, Renato günlərin birində “Qəbələ”ni ”5-10 manat”a görə Azərbaycanda başqa kluba dəyişər.
Elə futbolçular var ki, illərlə bir komandanın şərəfini qoruyur. Ancaq ayrılığı heç kimə təsir etmir. Bir də Ruan kimisi olur. Gedişi ürəklərə dağ basır, çox pis təsir edir.
Əsas odur, özünü sevdirən braziliyalı yenə gözümünüz önündə olacaq və yenə Azərbaycan klubunun uğuru üçün tər tökəcək. Belə legionerlərə hər zaman ehtiyac var.
HƏBİB / SPORTİNFO.AZ

