19 transfer edən kluba ünvanlanan sual: “Bunları yer bellətməyə gətirmisiz?”

27 İyul 2022 21:20 Zirə 1 389
19 transfer edən kluba ünvanlanan sual: “Bunları yer bellətməyə gətirmisiz?”

Yeni mövsümdən I Divizionda mübarizə aparacaq “Araz-Naxçıvan” heyətini gücləndirməklə məşğuldur.

Baş məşqçi postuna Azər Bağırovu gətirən Muxtar Respublika klubu son bir gündə 19 futbolçu transferini elan edib.

Bölgə təmsilçisi Vüsal Şabanov, Orxan Əliyev, Sabir Məmmədov, Nəbi Məmmədov, Xəyal Tomarov, Vadim Abdullayev, Fərid Kərimzadə, Həzrət İsayev, Elməddin Məmmədov, Əsgər Hüseynov, Elvin Dəmirov, Bayraməli Qurbanov, Emil Bayramov, Fərid Cəfərli, Seymur Rəhimov, Pərvin Rüstəmov, Afiq Musayev, Ayxan Həsənov və Elvin Rzayevlə müqavilə bağlayıb.

Azər Bağırovun qarşısına çempionluq məqsədinin qoyulması bəllidir. Büdcəsinə görə I Divizionun ən imkanlı iştirakçısı olan “Araz-Naxçıvan”a MR rəhbərliyi səviyyəsində böyük diqqət və qayğı var.

Kütləvi transfer əməliyyatına yerli publikanın münasibəti maraqlıdır. Hər halda görünən odur ki, onlar klubda gedən islahatlara biganə deyil.

Amma… Bağırovun gətirdiyi futbolçuların potensialına şübhə ilə yanaşanlar da var.

“Araz”ın rəsmi” feysbuk” səhifəsinə rəy yazan Vüqar Məmmədov adlı azarkeş sual ünvanlayıb: “Bunları yer bellətməyə gətirmisiz? Açıqlama verin, görək, kimlərdir?”.

Elnur Rza profili ilə qeydiyyatdan keçən şəxs isə klubun sosial platformasında elan yerləşdirib:

“Keyfiyyətli Naxçıvan kəklikotusu satılır. Adi, limon və qızılgül qoxulu olmaqla, üç növ satırıq. Almaq istəyənlər müraciət edə bilər”.

SPORTİNFO.AZ

Xəbər Lenti