Avropa Konfrans Liqasındakı təmsilçimiz “Zirə” iyulun 28-də səfərdə “Makkabi”nin (Təl-Əviv) qonağı olacaq.
“Qartallar”ın səfər planına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv İsrailə çarter yox, adi reyslə gedəcək.
Bakıdan Təl-Əvivə birbaşa uçuş olduğundan, əlavə xərcə düşməyə gərək qalmayıb. Komanda üzvləri iyulun 26-sı səhər 8:00 radələrində Bakını tərk edəcək.
“Zirə”nin səfərə oyundan iki gün əvvəl yollanması qəribə görünməməlidir.
Rəşad Sadıqov uzun müddət Qurban Qurbanovun rəhbərliyi altında oynadığından, məhz onun üsulundan yararlanması anlaşılandır. Yerli hava şəraitinə və mühitə alışmaq əsas hədəfdir.
Qəsəbə təmsilçisi Təl-Əvivə iyulun 26-sı günortadan sonra çatmaqla vaxt və əlavə məşq imkanı qazanacaq. “Qartallar” “Herods” (“İrod”) otelində məskunlaşacaq.
Cümə axşamı “Makkabi” ilə oynayacaq zirəlilər matçdan dərhal sonra Təl-Əviv-Bakı reysi ilə geri dönəcək.
İyulun 21-də komandalar arasında Bakıda keçirilmiş oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı. Cavab oyunu iyulun 28-i, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

