"Zirə"ni mat qoyan Yovanoviç və yerli "yovanoviçlər" - GƏNCLƏR, MÜTLƏQ OXUYUN!

23 İyul 2022 19:40 Zirə 1 203
"Zirə"ni mat qoyan Yovanoviç və yerli "yovanoviçlər" - GƏNCLƏR, MÜTLƏQ OXUYUN!

“Zirə” Konfrans Liqasında mübarizəyə məğlubiyyətlə start verdi.

Komanda doğma meydanda (“Dalğa Arena”ya belə demək olarsa) “Makkabi”yə (Təl-əviv) 0:3 hesabıyla məğlub oldu.

İsrail təmsilçisinin qollarından ikisinin müəllifi Gorge Yovanoviç oldu. Serbiyalı futbolçu futbol ictimaiyyətinə heç də yad sima deyil. 23 yaşlı forvard cəmi 1 il əvvəl də ölkəmizə səfər edib.

Onda Serbiyanın”Çükariçki” klubunun üzvü olan oyunçu Konfrans Liqasında “Sumqayıt”a qarşı 90 dəqiqə meydanda olub.

Cəmi bir il aradan sonra isə onu “Makkabi” kimi adlı-sanlı komandada görürük.

Yəqin ki, yaxın gələcəkdə ötən ay Serbiya millisində debüt edən futbolçunu daha böyük klublarda görə biləcəyik. İnkişaf belə olur – pillə-pillə, aram-aram.

Bəs ötən il həmin Yovanoviçə qarşı çıxış edən azərbaycanlı gənclər kimlər idi?

“Kimyaçılar”ın sabiq çalışdırıcısı Ayxan Abbasov nə az, nə çox 5 gəncə - 20 yaşlı Rüfət Abdullzadə, 19 yaşlı Səbuhi Abdullzadə, 21 yaşlı Süleyman Əhmədov və 23 yaşlı Roman Hüseynovla Yusif Nəbiyevə serblərlə matçda oynamaq fürsəti verib. Avropa həyəcanın yaşadıb.

Bu jestinə görə Abbasova böyük alqış düşür!

Bəs həmin gənclər indi hardadır?

Ən yaxşı halda “Sumqayıt”da!

Nisbətən cavan olanlar - Rüfət Abdullzadə, Səbuhi Abdullzadə və Süleyman Əhmədov hələ də Sumqayıt təmsilçisində gününü keçirir.

Bəli, gününü keçirir. “Çukariçki”dən “Makkabi”yə keçid inkişafdısa, bunun da adı yerində saymaq, gün keçirmək və qorxaqlıqdır.

22 yaşında isə ən kiçik fürsəti dəyərləndirib, irəliyə addım atmaq lazımdır. Yovanoviç kimi...

Digər iki gənc - Roman Hüseynov və Yusif Nəbiyev isə “Kəpəz”ə köç edib.

Yəqin ki, yuxarıdakıların da taleyi növbəti mövsüm indiki “Kəpəz”in durumunda olan kluba keçmək olacaq.

Bizlər isə 22 yaşında ölkəsini tərk edən, karyerasını düşünən əzmkar, döyüşkən, mübariz xarakterli yovanoviçlərə baxmağa davam edək...

Xanoğlan İmanov / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti