“Zirə” Ayxan Abbasovdan sonra ilk dəfə...

21 İyul 2022 17:00 Zirə 783
“Zirə” Ayxan Abbasovdan sonra ilk dəfə...

“Zirə” bu gün Avropa Konfrans Liqasında mübarizəyə start verir.

Təmsilçimiz mübarizəyə başlayacağı ikinci təsnifat mərhələsində rəqibi “Makkabi”dir (Tel-Əviv).

Bu gün axşam həm də Bakı təmsilçisinin avrokuboklardakı uzun həsrəti başa çatmış olacaq.

Belə ki, “Zirə” sonuncu dəfə nə az, nə çox 5 il əvvəl avrokuboklarda iştirak edib. Avropa Liqasına vəsiqə qazanan o vaxtkı kollektivi adını klub tarixinə uğurlu məşqçi kimi yazdırmağı bacaran Ayxan Abbaov çalışdırırdı.

Onun komandası ilk mərhələdə gözlənilmədən Lüksemburq təmsilçisi “Differdanjı” hər iki oyunda da məğlub edərək (2:0, 2:1) növbəti mərhələyə yüksəlmiş, burada isə güclü Ruməniya təmsilçisi “Astra”ya məğlub olmuşdu – 1:3, 0-0.

Hazırda “Turan Tovuz”u çalışdıran Abbasovdan sonra “Zirə” Samir Abasov və Zaur Həşimovla avrokuboklardan kənarda qalıb.

Həşimov buna çox yaxın olsa da, araya pandemiya düşmüş, mövsüm yarımçıq dayandırılmışdı.

“Zirə”nin xalları “Sumqayıt”la eyni olsa da Ayxan Abbasovun çalışdırdığı “kimyaçılar” daha yaxşı top fərqinə sahib olduğu üçün avrokuboklara yollanmışdı. Söhbət bakılıların 4 top çox buraxmasından gedir.

Hazırkı baş məşqçi Rəşad Sadıqov isə ilk cəhdində - 2020/21 mövsümündə “Zirə”ni avrokuboklara aparmağa çox yaxın olsa da, yenə Ayxan Abbasovun çalışdırdığı “Sumqayıt”la müqayisədə bu dəfə 1 xal az fərqlə 4-cü yeri rəqibinə təslim etməli olmuşdu.

Amma ötən mövsüm Sadıqova bu yolda kimsə maneə törədə bilmədi. Bəzən ciddi hakim qərəzləri olsa belə, gənc mütəxəssisin komandası hətta bürünc medal qazanaraq bu missiyanı uğurla yerinə yetirdi.

İndi qalır davamını Avropa meydanında gətirmək. Rəqib böyük Avropa təcrübəsi olan güclü “Makkabi”dir. Amma Sadıqov da “Qarabağ”da böyük Avropa təcrübəsinə sahib sabiq kapitandır.

Ümid edək ki, meydandakı döyüşkən, əzmkar, məğlub olmağı sevməyən Sadıqov bu gün məşqçi kimi eyni missiyasını davam etdirəcək.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti