"İndidən rəqibi təhlil edib, hazırlaşmaq psixoloji cəhətdən düzgün olmaz”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova aiddir.
40 yaşlı mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri olan "Makkabi" haqda fikirlərini bildirib. O, həm də Tel-Əviv klubunun baş məşqçisi Vladimir İviçi yaxşı tanıdığını söyləyib:
“Bakıda, son iki həftədə artıq daha çox rəqib və oyun planı haqda düşünəcəyik. "Makkabi"də baş məşqçi dəyişikliyi baş verib, yetərincə də transferləri var.
Ona görə hazırda “Makkabi”nin hansı oyun fəlsəfəsində olduğunu, əsas heyətdə kimlərin olacağını bilmirik. Gözləyirik, iyulun 13-də oyunları var.
Həmin görüşdə “Makkabi”nin əsas heyəti və oyun fəlsəfəsi açıq-aşkar görünəcək. Məşqçilərini tanıyıram, işinə bələdəm.
PAOK-un baş məşqçisi olduğu vaxtda "Qarabağ"ın heyətində onlara qarşı oynamışıq. Aşağı-yuxarı oyun fəlsəfəsini bilirik.
Amma yetərincə sistem dəyişikliyi edir. İngiltərə Premyer Liqasında fərqli fəlsəfə ilə oynadırdı "Uotford"u. İsraildə fərqli fəlsəfəyə üstünlük verdi,
PAOK-da da fərqli idi. Ona görə rəqibin istər heyətinə, istərsə də, oyun planında edəcəyi rotasiyalara hazır olmalıyıq".

