Premyer Liqanı bürünc medallarla başa vurub Konfrans Liqasında iştirak imkanı qazanan “Zirə” ciddi itki ilə üzləşib.
Gürcüstan millisinin hücumçusu Davit Volkov “qartallar”ın düşərgəsini birdəfəlik tərk edib.
Başa çatan mövsümdə 11 qolla zirəlilərin ən sərrast futbolçusu olmuş forvard başa çatan müqaviləni yeniləməmək qərarına gəlib.
O, “instagram” hesabında bu barədə paylaşım edərək vida mesajı yazıb:
“Bəyan etmək istəyirəm ki, “Zirə” ilə müqaviləmin müddəti başa çatıb. Həyatımdakı və karyeramdakı möhtəşəm anlara görə məşqçilər heyətinə, klubun əməkdaşlarına və azarkeşlərə təşəkkür edirəm.
İndi “təşəkkür edirəm” və “sağ olun” demək zamanıdır. Sizə hər şeyin ən yaxşısını arzu edirəm, dostlar”.
27 yaşlı legioner son 4 ildə “Qəbələ”ylə “Zirə”nin formasını geyinməklə, Azərbaycan çempionatında və ölkə kubokunda meydana çıxdığı 100 oyunda 32 qola imzasını yazdırıb. “Qəbələ”nin heyətində Avroliqada 2 matçın iştirakçısı olub.
Volkovun Polşa klublarının maraq dairəsində olduğunu bildirək. Amma burada qalmaq şansı da az deyil. konfrans Liqasında debüt edəcək “Qəbələ” onu geri qaytarmaqda maraqlıdır.
Növbəti mövsüm üçün daha iddialı heyət qurmağa başlayan “Sabah” da gürcünü sıralarına qatmaq istəyir. Hər halda biz günlər öncə yaydığımız xəbərlərdə bu haqda informasiyanı oxucularımızla bölüşmüşük.
“Zirə” hər ay 11 min dollar maaş verdiyi Volkova bu dəfə 4 min dollar artıq ödəməyi lazım bilməyib.
Ayrılığın bir səbəbi budursa, digər faktor onun bu ildən başlayaraq komandanın yeni oyun stilinə uyğunlaşa bilməməsi, qeyri-sabit çıxış etməsidir.
SPORTİNFO.AZ

