Rəşad Sadıqov: "Bu, öz işimizə hörmətsizlik olardı" - VİDEO

29 Noyabr 2021 02:10 Zirə 1 008
Rəşad Sadıqov: "Bu, öz işimizə hörmətsizlik olardı" - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, səfərdə 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ağır səfərdə çox vacib 3 xal qazandıq. Buradan hər komanda qələbə ilə ayrıla bilmir. İlk yarıda çox vacib qollar vurduq. Məhz ilk iki qol rəqibi sarsıtdı. İkinci hissədə rəqib böyük qüvvə ilə çıxış edirdi. Bununla belə 3-cü qolu vuraraq, qələbəyə nail olduq.

Cəlal Hüseynovu qorumaq üçün ikinci hissədə əvəzlədik. Onun 22-23 yaşı olsaydı, əvəzləməyəcəkdim.

Onda yorğunluq var, son 2-3 ayda dəyişilmədən oynayıb. Üstəlik, Azərbaycan yığmasının düşərgəsində də olub. Hər hansı qol səhvi olmaması üçün dəyişdim.

Futbolçularımız bu gün maraqlı və ən əsası, düzgün oynadılar. Dayanmaq niyyətində deyilik. Daha da artıracağıq. Özüm də texnikalı futbola üstünlük vermişəm.

Ötən mövsüm də belə edirdik, amma alınmadıqda dəyişikliklərə getdik, dinamik, aqressiv çıxış etməyə başladıq. İndi isə futbolçuların özlərinə də belə xoşdur.

Mən də belə futbol oynatmaq istəyirəm. Bu gün rəqibin gücünü nəzərə alaraq, böyük qüvvə ilə irəli atılmaq ağılsızlıq olardı. Bu üzdən nisbətən ehtiyatlı oynamağa çalışırdıq.

Ötən mövsüm praqmatik futbol oynamaq niyyətimiz yox idi. Bəzi oyunları çıxmaqla, qətiyyən elə futbol oynamırdıq. Bu il nələrsə alınırsa, indinin işi deyil”.

Baş məşqçi ilk qol epizodunda penaltini Davit Volkovun vurmamasına da aydınlıq gətirib:

“Əvvəlki oyunlarımızda penaltilərimizi Təmkin Xəlilzadə yerinə yetirib. Bu oyunda penaltini Volkova vermək öz işimizə hörmətsizlik olardı”.

Xəbər Lenti