Bəs danışmışdılar? Bəs razılaşmışdılar? Bəs…

5 May 2021 17:40 Zirə 1 777
Bəs danışmışdılar? Bəs razılaşmışdılar? Bəs…

Nə deyirdilər, nə iddia edirdilər?

Deyirdilər və iddia edirdilər ki, «Qarabağ»la «Zirə» öz aralarında danışacaq, nəticəni əvvəlcədən müəyyənləşdirəcək.

Həmin gün gəldi, həmin hadjisə olmadı. Buna kimi çox söz-söhbətlər gəzirdi ortalıqda. Xüsusən «Keşlə»nin «Neftçi»yə asanlıqla təslim olmasından sonra.

Samir Abasovun komandasının paytaxt derbisində qalib gəlməsi 3 xalı «Qarabağ» üçün hava və su kimi vacib etmişdi. Xallar bərabərləşdiyindən, qələbə «Qarabağ»ı son 3 tur öncəsi nisbətən ayaq üstdə saxlayacaqdı.

Bunu Qurban Qurbanov da bilirdi, Rəşad Sadıqov da. «Oyunu düz-qoş edəcəklər» deyənlər var idi e, indi çıxsınlar meydana! Haradadır onlar, görən, səslərini eşidən var?

Səsiniz çıxsın da, niyə çıxmır? Bəs danışmışdılar? Bəs razılaşmışdılar?

Dünənki oyun və nəticə futbolu meydandan kənarda oynayanlara tərs sillədir. 1:1 onlara açıq mesajdır. Hərə öz işində olsun, biz öz yolumuza baxacağıq, adımızı, sanımızı ləkələməyəcəyik.

Dünən itirilən 2 xal bəlkə də «Qarabağ»ın çempionluq titulu ilə vidalaşmasına səbəb olacaq. Böyük ehtimalla, bu 2 xalı axırınca turadək sığortalaya bilməyəcəklər.

Eləcə də «Zirə». Hakimlərin qərəzli münasibəti nəticəsində ölkə kubokunda final üzü görməyən, beləcə, avrokuboklara aparan ən qısa yoldan uzaqlaşdırılan «Zirə»nin xal üçün sonadək necə mübarizə aparmasını izlədik.

Bir daha bəyan oldu ki, Rəşad Sadıqovun komandası hər dişdə sınmayan qozdur.

«Keşlə» ilə oyunda o boyda həngamələr baş verdi, ciddi sarsıntı ilə üzləşdilər, fəqət, dünən bunların heç birini «Qarabağ»a hiss etdirmədilər.

Sözsüz, «Qarabağ» 25-ci turu qələbə ilə bitirsəydi, «Keşlə» - «Neftçi» derbisi qalacaqdı bir kənarda, «Zirə»ylə oyunu əlində bayraq edənlər, Qurban Qurbanovla Rəşad Sadıqova camur atanlar sıraya düzələcəkdi.

Adamlar xal naminə sabahlarını qurban vermədilər, adlarının üstünə toz qondurmadılar.

Bəzi klub prezidentləri var, atasına şalvarını sponsorun puluna tikdirir. Onlar belə şeyləri başa düşməzlər. Bu yaramazlar bu gün var, sabah yoxdur.

Futbola qalan və ona ikinci nəfəsi verəcək Qurbanov, Sadıqov kimi düzgün insanlar olacaq.

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"