Qurbanovu kimsə aldadıb ki, sən də məşqçi olacaqsan

23 Aprel 2021 10:40 Zirə 1 663
Qurbanovu kimsə aldadıb ki, sən də məşqçi olacaqsan

"Keşlə"nin mövsümü qurtarmaq mənasında yeganə ümidi kubokdur.

Ən yaxşı büdcəyə malik komandalardan biridilər: gəl ki, turnir cədvəlinə baş-ayaq baxırlar.

Kubok ümidləri də ilk qarşılaşmadan sonra yarıbayarı azaldı. Sənan Qurbanov oyundan sonra elə danışır ki, elə bil, klubun sahibidir.

Komandadan, futbolçulardan kəskin narazıdır, deyir, bağ belə, bostan elə. Sanki özündən başqa hamı günahkardır.

Bəs sən kimə lazımsan, nəyə görə klubdasan, Sənan bəy? Futbolçuları oyuna kim hazırlamalıdır, kim kökləməlidir, kim taktiki gedişlər etməlidir, rəqib məşqçiləri kim "oxumalıdır"?

Biz?

"Keşlə"nin özünə görə heyəti də var. Belə oyunlarda futbolçuların meydanda gözləri yanmalıdır. Taktika qalsın bir yana, heç bu da yoxdur.

Deyir ki, biz də cavab oyununda "Zirə"ni 2:1 hesabıyla uda bilərik. Evdə kim qoymadı? İkinci oyunda "Zirə"nin yerinə başqa komanda çıxacaq meydançaya?

Gələn dəfə daha hazırlıqlı, mativasiyalı "Zirə" olacaq. Psixoloji üstünlüyü, şansı verdiz rəqibə. İlk oyunda vəziyyət xeyrinizə idi. Rəqib çempionatda ağır məğlubiyyətdən sonra çıxmışdı qarşınıza.

Hələ "Keşlə" utancverici sonuncu yer uğrunda ölüm-dirim savaşına çıxdığı kimi, "Zirə" daha layiqli, 3-cülük savaşında növbəti turda qarşılaşacağı "Sumqayıt"ı da düşünmək zorundaydı. Bundan əla mənzərə ola bilərdi?

Rəşad Sadıqov iki oyundur beynini necə yorursa, özünü az qalıb dolaşdırsın. O qədər taktiki düşüncələrə qapılır ki… Özünü fiziki-psixoloji planda çox yorur.

"Sumqayıt"ın 3-cü pilləyə qalxması "Zirə"yə rahatlıq vermir. "Neftçi" ilə oyunda fərqli start heyəti, rəqib futbolçuların ayağına "oturmaq" istəyi, bərabərlik ola-ola, fasilədə öz seçimindən geri çəkilməsi, müdafiəçinin Namiq Ələsgərova "hədiyyə"si sonda 4 cavabsız topla nəticələndi.

Kubok oyununda Rəşad Sadıqovun komandanı toparlaya biləcəyi maraq doğururdu. Bunun öhdəsindən layiqincə gəldi. Matça taktiki hazırlıqda yeniliklərə əl atmışdı.

Əlinin altında olan bütün texnikalı futbolçuları start heyətində meydana buraxmışdı. Ən maraqlı gediş Riçard Almeyda ilə bağlıydı.

Görüş "Zirə"nin ərazi üstünlüyü ilə keçirdi. Bununla belə, aşağı-orta templə topa nəzarət edən qonaqlar ciddi qol epizodu yarada bilmirdi.

Oyun soldan qurulurdu. Mərkəz dairəni 30 metr sola çəkmişdilər. Bunun da səbəbkarı Almeyda idi. Bütün komanda meydanın hər nöqtəsində braziliyalını axtarırdı.

Ağabala Ramazanov da o cinahda olduğundan mərkəz, əks tərəf unudulmuşdu. "Zirə" fasiləyədək texniki zonaya yaxın, baş məşqçisinin qarşısında futbol oynayırdı.

Təkqanadlı komanda top itirəndə "Keşlə" daha sürətlə hücuma can atırdı. Belə yersiz top itkilərindən birində Sezar Meza Kollinin keçidi, qapıya zərbəsi, müdafiədən "rikaşeti" boş saxlanılan Sadio Tonkaranın qolu ilə nəticələndi. "Zirə" bu qoldan sarsılmadı.

İkinci hissə 55-ci dəqiqəyə kimi eyni ssenari ilə cərəyan etdi. Almeyda mərkəzə, ənənəvi mövqeyinə meyllənən kimi "Zirə" 10 dəqiqəyə rəqibin qapısından iki top keçirdi.

Bu dəqiqələrdə kapitan xüsusi ilə seçilirdi. Elə Ağabalanın zərgər ötürməsindən sonra Rodriqo Bonqonqui bir toxunuşla cavab topunu vurdu.

Ramazanov duran toplarda küləyin istiqamətindən də məharətlə istifadə edirdi. Künc zərbəsindən birbaşa qapıya yönəltdiyi toplar rəqib müdafiəni, qapıçını gərginlikdə saxlayırdı.

Özünün də yüz faizli şansı oldu. Dirək "Keşlə"ni xilas etdi. Andelkoviç Sadionun fərqləndiyi epizodda rəqibi gözdən qaçırdığının günahını vurduğu qolla artıqlaması ilə yudu.

"Zirə" 3-cü qolunu da vurdu. Köməkçi hakim bayrağını yuxarı qaldıraraq, "qol vurmaq olmaz" dedi. Halbuki bu qərar doğru deyildi.

Bu hesab güclər nisbətini nəzərə alanda, cütün taleyini böyük ölçüdə həll edib. "Zirə" finala çıxmaması üçün gərək cavab görüşündə futbol oynamasın.

Rəşad Sadıqov üçün keçirdikləri son iki matç məşqçilik adına böyük təcrübə oldu.

Sənan Qurbanovu isə kimsə aldadıb ki, məşqçi olacaqsan. Yaxşı olar ki, başqa iş tapsın özünə. Qışqırıb-bağırmaq, 90 dəqiqə dəli kimi texniki zonada o tərəf-bu tərəfə gedib-gəlmək, hər epizoda aqressiv reaksiya vermək hələ məşqçilik demək deyil.

Çıxsın biri, bunları Qurbanova başa salsın. Xahiş-minnətlə, tanış tapmaqla harasa işə düzəlmək olar, ancaq məşqçlik spesifik sahədir, hər kəsin burada tikişi tutmaz.

Azərbaycanda az məşqçi var ki, Qurbanov qədər şans qazansın, etimad görsün. Uxun illər «Qəbələ»də çalışdı, daha kimlərin köməkçisi olmadı ki..?

Ramiz Məmmədovdan ta Roman Qriqorçuka kimi. A-dan Z-yə – hamıdan nəsə öyrənmək fürsəti yaxaladı, sonda da özü «Qəbələ»nin sükanı arxasına keçdi. İndi də «Keşlə»dədir, sərbəst çalışır.

Başının üstünü kəsdirən, əl-ayağına dolaşan yoxdur, oynatdığı komandanı da görürsüz.

Rəhman Hacıyevlə Sezar Meza Kollini ilk dəqiqələrdən yanaşı oynadan, Vüsal İskəndərli ilə İlkin Qırtımovu start heyətinə daxil etməyən və bu kimi çoxsaylı taktiki-texniki səhvləri sıralayan Qurbanovun məşqçiliyə yaxından-uzaqdan aidiyyatı yoxdur.

O. yalnız yaxşı lətifə söyləməyi bacarır. Operativ Qərargah toyların keçirilməsinə icazə versəydi, Sənan bəyə məsləhət görərdik ki, get, şadlıq saraylarında tamadalıq elə, stadionda gözə görünmə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti