Rəşad Sadıqov: "Rəqabətə tap gətirə biləcək gənc futbolçumuz yoxdur"

25 Oktyabr 21:30 Zirə 214
Rəşad Sadıqov: "Rəqabətə tap gətirə biləcək gənc futbolçumuz yoxdur"

"Zirə" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən bir komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.

- Rauf Cabarovun idarəçiliyi xoşunuza gəldi?

- Bəlkə də birinci oyunu idi ki, sakit oldu. Yəqin ki, hər iki tərəfin etirazı yoxdur. Oyunu yaxşı idarə etdi.

- 2018-ci ildə U-21 millisinin baş məşqçisi olduğunuz zaman Premyer Liqa klublarının gənc oyunçulara şans verməməsindən gileylənirdiniz. Artıq neçə ildir "Zirə"də çalışırsız. Bu illər ərzində Cəlal Hüseynovdan başqa gənc futbolçunun şans qazandığını görmürük. İndi U-21-in baş məşqçisinin Rəşad Sadıqovu qınamağa haqqı var?

- Zaman fərqli olur. 2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynayacağıq. Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar.

- Vinsent Tillə yollarınızı ayırdız. Komandaya gələndə onun zədəli olduğunu bilirdiz. Til "Zirə"yə niyə gəldi, niyə getdi?

- Futbolçunun komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Biz onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılaşım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.

- Qapıda Aydın Bayramova şans verməyinizin səbəbi nə idi?

- Tiaqo Silvanın "Sabah"la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, "Sumqayıt" və "Karvan-Yevlax"la oyunlarda Aydına şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək.

- Eldar Quliyev legioner statusu ilə çıxış edir. Rəşad Sadıqovun Eldara olan sevgisinin səbəbi nədir?

- Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq. Yaxın gələcəkdə daha çox oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı