
Sportinfo.az “Zirə”nin fransalı yarımmüdafiəçisi Brahim Konatenin müsahibəsini təqdim edir:
- Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə görüşdə bərabərə qaldınız. 2:2-lik heç-heçə necə şərh edərdiniz?
- Fikrimcə, yaxşı oyun oldu. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. “Neftçi” də bizim kimi geniş heyətə malikdir. Bu mövsüm hələ uduzmamışıq. Şükürlər olsun ki, bu dəfə də seriyamızı davam etdirdik. Qazanılan 1 xaldan məmnunuq.
- Hesabda öndə olduğunuz oyunda az qala məğlub olacaqdınız. Hələ uduzmamışıq fikriniz təsəllidir?
- Xeyr, biz hər matça qələbə üçün çıxırıq. Fərqi yoxdur “Şamaxı”ya qarşı oynayırıq, ya “Neftçi”yə. Dediyim kimi, “Neftçi” güclü rəqibdir. Ona görə də qazanılan bu 1 xal bizim üçün dəyərlidir.
- Birinci hissədən sonra hər şey “Zirə”nin xeyrinə idi. İkinci hissənin ortalarında birdən-birə nə baş verdi ki, matçın gedişi tam dəyişdi?
- Rəqib güclü olduğu üçün 90 dəqiqə ərzində yeni səviyyədə oynamaq olmur. “Neftçi” çoxsaylı keyfiyyətli futbolçulardan təşkil olunub. Azsaylı qol epizodlarından yararlandılar. Dəqiq səbəb göstərmək çətindir. Ümumilikdə yaxşı oyun oldu.
- Oyunun sonlarında "Neftçi"nin qapısına təyin edilən və qolla nəticələnən mübahisəli penalti epizodu barədə fikirləriniz necədir?
- Epizoda baxmamışam. Hakimin qərarına hörmətlə yanaşmalıyıq. İnanıram ki, orada penalti var idi.
- Xal itirməklə həm də liderliyi əldən verdiniz...
- Bəli, “Araz-Naxçıvan” qələbə qazanmaqla zirvəyə yüksəldi. Lakin çempionat uzun marafondur. Qarşıda hələ çox oyun var. Daha çox çalışıb ilk pilləni qaytarmalıyıq.