
“Zirə”dəki çıxışları ilə azarkeşlərin rəğbətini qazanan Salifu Sumadan səs-soraq yoxdur.
Uzun sürən danışıqlardan sonra Qvineyadan olan vinger 1,3 milyon avro qarşılığında İsveçin “Malmö” klubuna transfer olunmuşdu.
Sumanın Azərbaycanı tərk etməsindən 3 ay vaxt keçib. “Malmö” bu müddətdə, daha dəqiq desək, avqustun ilk günündən bu yana iştirak etdiyi bütün yarışlarda 15 oyun keçirib.
22 yaşlı futbolçu Allsvenskanda cəmi 4 oyunun həyəcanını hiss edib ki, cəmi 1 halda əsas heyətdə yer almaqla ümumilikdə 117 dəqiqə top dalınca qaçıb. Qol və məhsuldar ötürmə baxımından heç nə ilə yadda qalmasa da, “Göterborq”la qarşılaşmada passivinə 1 “sarı” yazdırıb.
Sentyabrın 17-də “Olimpik”lə ölkə kuboku matçında da ilk dəqiqələrdən meydanda olub, 59 dəqiqə mübarizə aparıb. Salifu bu dəfə də məhsuldarlıq göstərməyib.
Oktyabrın 2-də “Malmö”nün “Viktoriya Plzen”ə səfərdə\ 0:3 hesabı ilə uduzduğu oyununun sonlarına yaxın meydana daxil olan keçmiş “Zirə”li cəmi 17 dəqiqə forma geyinib.
Azərbaycan Premyer Liqasında xüsusi çəkiyə malik afrikalı futbolçunun İsveç klubundakı göstəriciləri ürək aça bilməz. Cəmi 6 oyun, vur-tut 193, məhsuldarlıq göstəricisi 0.
Səbəbkar “Zirə”nin şərəfini qoruduğu 82 matçda 18 qol, 11 asistlə yadda qalmışdı.
Sumanın 4,5 il şərti ilə müqavilə bağladığı klubda duruş gətirib-gətirməyəcəyini yaxın gələcək göstərəcək. Bu gedişlə çətin.
HƏBİB / SPORTİNFO.AZ