
Bu gün ölkə futbolsevərlərinin diqqəti Zirədə olacaq.
Premyer Liqanın iki iddialı komandası “Zirə”ylə “Neftçi” üz-üzə gələcək.
Geridə qalan 6 turun nəticələrinə əsasən komandaları bir-birindən cəmi 5 xal ayırır. 12 xalla turnir cədvəlinə şərikli liderlik edən “qartallar”ın 12, 1 qələbə və 4 heç-heçə ilə 8-ci pillədə yer alan “ağ-qaralar”ın 7 xalı var. Ciddi fərq sayıla bilməz.
Bu oyun “Neftçi” üçün dönüş nöqtəsi olmalıdır. Mümkün qələbə paytaxt təmsilçisini ilk “5-liy”ə yaxınlaşdıracaq. Məğlubiyyət isə iddialılardan kifayət qədər geri salacaq.
Bu baxımdan “Zirə” də ehtiyatlı davranmağa məhkumdur. Məğlubiyyət vəziyyəti ağırlaşdıra, qalibiyyət inam yarada bilər.
Hər iki komandanın düşərgəsində narahatlıq var. “Zirə” 6 matçın cəmi 3-də qələbə qazanmağı bacarıb. Bununla yanaşı, çempionatın yenilgi acısı dadmayan yeganə təmsilçisidir.
Ötən həftə “İmişli” ilə dueldə qeydə alınan bərabərlik (1:1) növbəti xalların itkisi baxımından ciddi təhlükədir.
“Neftçi” isə “Sumqayıt” zəfərindən sonra öz meydanında “Karvan-Yevlax”la heç-heçə oynamaqla işini çətinə salıb. “Zirə”ylə qarşılaşmada meydanı 3 xalla tərk etmək hədəfi, itiriləcək mümkün xallar təqdirində vəziyyətin bir az ağırlaşmaq riski narahatlıq yükünü artırıb.
Lakin bir məsələ var ki, “ağ-qaralar” qəsəbə təmsilçisi üçün arzuolunmaz rəqib sayılır. Bu, xüsusən Samir Abasov-Rəşad Sadıqov duellərində aktuallığı artırır.
“Neftçi”nin çempion olduğu 2020/21 mövsümündə məhz Samir Abasovun rəhbərlik etdiyi kollektivin həmin il Premyer Liqada baş məşqçi kimi debüt edən Rəşad Sadıqovun komandasını 4:0 hesabı ilə məğlub etməsi yaddaşlardan silinməyib.
Elə ötən mövsüm baş tutan oyunlar da çempionata möhür vurmuşdu. Sadıqov ilk dövrədəki qarşılaşmada inamlı əvəzetmələr sayəsində Roman Qriqorçukdan üstün olmuş (2:0), Abasovun gəlişindən sonra vəziyyət 180 dərəcə dəyişmişdi.
“Neftçi” 2 və 3-cü dövrədəki görüşlərdə “Zirə”ni 2:1 hesabı ilə udmuşdu. Mövsümün drammatik keçən sonuncu duelində isə “ağ-qaralar” hesabda önə keçməsinə baxmayaraq, yekunda 2:4 hesablı yenilgiyə üzülmüşdü.
Statistika həvəskarları üçün xatırlatma. Abasovla Sadıqov iş başında olanda, “Neftçi”ylə “Zirə”nin əksər oyunları bol qollu alınır. Ümd edək ki, azarkeşlər bu dəfə də məhsuldar oyuna şahidlik edəcək.
Oktyabrın 3-də Zirə İdman Kompleksinin meydanın baş tutacaq matçın start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ