“Neftçi” azarkeşləri “Qəbələ”ylə oyunu səbrsizliklə gözləyir.
Çempionatın startından bu yana meydana çıxdığı 8 oyunda cəmi 1 qələbə qazanan “ağ-qaralar” bazar günü bölgədə növbəti qələbənin axtarışına çıxacaq.
Əslində, komandaların hədəfi fərqli, hazırkı durumları aşağı-yuxarı eynidir. Elitadakı yerini qorumaq uğrunda tər tökən qəbələlilər də indiyə qədər cəmi 1 qələbə qazanmaqla təhlükəli yerdə - 10-cu sırada yer alıb. “Neftçi” isə 9 xalla bir pillə öndədir.
Bu oyuna rəng qatan başlıca məqam baş məşqçilərin kimliyidir. Söhbət Kaxaber Tsxadadze ilə Samir Abasovdan gedir. Niyə?
Bilməyənlərin xəbəri olsun ki, Abasov 16 il əvvəl futbolçu kimi Kaxanın rəhbərliyi altında top qovub. “Neftçi”nin hazırkı çalışdırıcı 2009/10 mövsümündə o vaxtkı adı “İnter” olan komanda ilə çempionluğu bayram edəndə, baş məşqçi məhz Tsxadadze idi.
Üstündən illər keçib, hətta Samir Abasov məşqçi kimi də çempionluq sevinci yaşayıb və indi vaxtilə rəhbərliyi altında oynadığı baş məşqçinin qarşısına onun həmkarı kimi çıxır.
Digər maraqlı məqam ağ-qara rənglərə könül verən azarkeşlərin intizarının başa çatması ehtimalıdır. Vensan Abubakarın “Neftçi” formasında meydana ayaq basmasını nəzərdə tuturuq.
Adı xeyli vaxtdır paytaxt təmsilçisi ilə yanaşı çəkilən ulduz hücumçu Bakıya ayaq basmaqla azarkeşləri sevindirdi. İndi isə yeni komandasında debüt etməyin zamanıdır.
Abubakarın bugünkü fiziki durumu 90 dəqiqə mübarizə aparmağa imkan vermir. Lakin qısa vaxt kəsiyində kollektivə kömək etmək üçün gücü və təcrübəsi var. Abasov, çox güman, ikinci hissədə “45 nömrə”yə şans verəcək.
O ki qaldı oyuna, “Neftçi” geridə qalan turlarda 15 xal itirməklə itki limitini başa vurub. Əsas rəqiblər uzaqlaşır, “ağ-qaralar” ikinci “6-lıq”da “Qəbələ”ylə “Şamaxı”nın arasından yuxarı boylanır.
Qələbədən başqa nəticə “Neftçi”də böyük “partlayış”a səbəb ola bilər. Artıq nə vaxt istəməyin vaxtıdır, nə də bəxtsizlikdən gileylənməyin. Hamı bir nəfər kimi qələbə gözləyir.
Maraq üçün bildirək ki, “Neftçi” “Qəbələ” ilə keçirdiyi son 4 oyunun hamısında qələbə qazanıb. Bakılıların Qəbələdəki sonuncu yenilgisi 2022-ci ilin mayın 9-da qeydə alınıb – 0:1.
O gündən bu yana Qəbələ şəhər stadionunda gerçəkləşən 4 matçın 3-də “ağ-qaralar” qalib gəlib, 1 qarşılaşma heç-heçə başa çatıb.
Oktyabrın 26-da keçiriləcək oyun saat 16:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

