
Sportinfo.az “Zirə”nin almaniyalı hücumçusu Leroy Mikelsin müsahibəsini təqdim edir:
-Premyer Liqanın 8-ci turunda “Sabah”a 0:3 hesabı ilə uduzdunuz. Bu cür məğlubiyyət sizin üçün gözlənilməz oldu?
- Oyun çətin keçdi. Həqiqətən də bizim üçün ağır bir matç idi. Açıq demək lazımdır ki, “Sabah”a qarşı yaxşı oynamadıq. Rəqib qələbəyə layiq idi. Buna görə də onları təbrik edirəm.
- Yaxşı oynamamağınıza səbəb nə idi?
- Bunu konkret izah etmək çətindir. İlk dəqiqələrdən yaxşı deyildik. Öz səviyyəmizi göstərə bilmədik. Bu da yekunda belə məğlubiyyətə gətirib çıxardı.
- Bu matçda da meydana sonradan çıxdınız. Start heyətinə düşməyinizə nə mane olur?
- Pik formada deyiləm. Bilirsiniz ki, çiynimdən zədə almışdım. Ola bilər bu məqam start heyətinə düşməyimə mane olur. Məşqlərdə dayanmadan üzərimdə çalışıram. İnanıram ki, növbəti turlarda ilk 11-likdə yer alacağam.
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Yalnız qələbə barədə düşünürük. Turnir cədvəlindəki əsas rəqiblərimizlə xal fərqini azaltmalıyıq. Bu səbəbdən də “Sumqayıt”la görüş bizim üçün çox vacibdir. Rəqib zəif olmasa da, hədəfimiz yalnız 3 xaldır.
- “Sabah”dan alınan ağır məğlubiyyət komandadakı ab-havaya mənfi təsir etməyəcək?
- Komandada atmosfer, hər şey qaydasındadır. Unutmayaq ki, çempionatda uduzmayan yeganə komanda biz idik. Mövsümdə ilk dəfə məğlub olduq. Bir məğlubiyyət dünyanın sonun deyil. Növbəti matçlarda öz səviyyəmizi yenidən göstərməliyik.