Günün FOTOsu - Məsələ boyda deyil

15 İyun 11:00 Türkiyə 377
Günün FOTOsu - Məsələ boyda deyil

Bu şəkil Bakı vaxtı ilə saat 8-10 aralığında Kanadanın Vankuver şəhərindəki stadionda,23-cü dünya çempionatı çərçivəsində Avstraliya və Türkiyə milli komandalarının arasında keçirilən oyunda çəkilib.

Obyektivdə iki avstraliyalı futbolçu və Türkiyə millisinin forvardı Kərəm Aktüroğlu görünür.

İlk nəzərə çarpan detal rəqiblərin arasındakı boy fərqidir. Göründüyü kimi, Kərəmlə həm 15 nömrəli forma ilə oynayan Kameron Bercesin, həm də 19 nömrəli köynəyi daşıyan Harri Suttarın boyu arasında az qala yarım metr fərq var.

27 yaşlı Harrinin boyu doğrudan da hündürdür, 2 metrdən 2 santim kəmdir. 30 yaşlı Kameron Bercesin boyu isə 194 santimetrdir.

Boylar arasında fərq ona görə belə görünür ki, boyu 172 sm olan Kərəmin dizləri bükülüb, onun rəqibləri isə daha dik dayanıblar.

Ancaq fərq təkcə boylar arasında deyil. Məsələ boyda yox, rus demişkən, “boy”a, döyüşə hazırlıqdadır. Avstraliyalılar döyüşə daha yaxşı hazırlaşmışdılar.

Onların oynadıqları çempionatlar da fərqlidir. “Cəsur ürək” Berces şotlanddır, vaxtilə Şotlandiya millisində (gənclər) də oynayıb. Suttar isə hazırda İngiltərədə, “Lester-siti” klubunda oynayır. O da şotlanddır və Şotlandiya vətəndaşlığı da var.

aaakkk.JPG (27 KB)

Avstraliya millisi gerçəkdən də yığma komandadır, ordan-burdan yığılıblar. Şotlandların çoxluq təşkil etdiyi heyətdə ingilis, irland, ispan, serb, boşnak, keniyalı, tanzaniyalı oyunçular var.

Ancaq onlar bu gün Türkiyə millisinə ona görə qalib gəlmədilər ki, boyları uzundur və daha yaxşı oynayırdılar. Əslində bütün statistik göstəricilərə görə Türkiyə millisi daha yaxşı, dinamik oynayıb, daha çox hücum edib və qapıya daha çox zərbə vurub.

Avstraliya yığması Türkiyə millisinə ağılla, taktika elə qalib gəldi. Onlar topu oynamaq üçün türklərə verdilər, müdafiədə oturub fürsət gözlədilər, iki dəfə kəsərli hücuma keçib iki qol vurdular və qələbə qazandılar.

Belə komandalara qalib gəlməyin öz üsulları var. Təəssüf ki, Türkiyə millisinin rəhbərliyi bu üsulun nədən ibarət olduğunu heç olmasa oyunun ikinci hissəsində tapa bilmədi.

Yoxsa boyun elə bir fərqi yoxdur. 1986-cı ildə kuboku Argentinaya boyu 165 sm olan Dieqo Maradona, 2022-ci ildə isə 169 sm boyla Lionel Messi qazandırıb.

P.S. Əslində Berces indiyədək meydana 15 nömrəli forma ilə yox, 21 nömrəli forma ilə çıxırmış.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!