“Sportinfo TV”nin tanınan siması AÇIQLADI: “Əldə etdiyim məlumata görə…“

7 Fevral 14:20 Türkiyə 479
“Sportinfo TV”nin tanınan siması AÇIQLADI: “Əldə etdiyim məlumata görə…“

Məlum olduğu kimi, “Fənərbağça” iyun ayında yeni prezidentini seçəcək.

Komandanın hazırkı prezidenti Ali Koç növbəti qurultayda namizəd olmayacağını açıqlayıb.

Onun bu sürpriz qərarı sonrası isə sabiq prezident Əziz Yıldırımın yenidən namizəd olacağı iddiaları yayılmağa başlayıb.

Bəs Əziz Yıldırım yenidən “Fənərbağça"nın prezidentliyinə namizəd ola bilər?

Mövzu ilə bağlı “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebhe.info”-ya açıqlamasında bildirib ki, Əziz Yıldırımın qayıtma etimalı çox azdır:

“Düşünürəm ki, Ali Koç ailəsinin təkidləri ilə yenidən namizəd olmayacağını açıqladı. Əldə etdiyim məlumata görə, hazırda klubun idarə heyətində ona yaxın olan şəxslərdən birinin namizədliyi irəli sürülə bilər. Üstəlik, Ali Koçun da yeni namizədi dəstəkləyə biləcəyi ehtimal olunur.

Əziz Yıldırımın “Fənərbağça”nın prezidentliyinə qayıtma ehtimalı isə çox azdır. Çünki onun səhhəti ilə bağlı müəyyən problemləri var.

Əziz Yıldırım dönəmindəki “Fənərbağça” tam fərqli formada idarə olunurdu və klubun iqtisadi vəziyyəti də tam fərqli idi. Lakin hazırda klubla bağlı müəyyən problemlərin də olduğu zamanda Ə.Yıldırımın çarə olacağını zənn etmirəm”.

O, Əziz Yıldırımın böyük fərqlə məğlub olaraq vəzifəsini itirdiyini xatırladıb:

“Hətta seçkilərdə Əziz Yıldırımın üzünə qarşı səsləndirilən ifadələrlə onu dəyərdən saldılar. Buna görə də onun qayıdacağına inanmıram. Amma “Fənərbağça” prezidentliyinə alternativ variant kimi Səadəttin Saran adı ön plana çıxır.

Onun Ali Koçla yaxınlığı ilə tanınan bir iş adamı olduğunu da qeyd etmək lazımdır. Hazırkı vəziyyətdə də Səadəttin Saranın klub prezidentliyinə namizəd olma ehtimalı yüksəkdir”.

Lakin ekspert Ali Koçun fikrindən daşına biləcəyini də istisna etməyib:

“Futbolda hər şey olur. Bəlkə də, Ali Koçu iyun ayında fikrindən daşındıra bilərlər”.

Digər Xəbərlər
Xəbər Lenti