Şirkətin qadın xəzinədarı özünü dostlarına "soydurdu"

15 İyul 2018 13:07 Topaz 896
Şirkətin qadın xəzinədarı özünü dostlarına "soydurdu"

Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin pulunu mənimsəməkdə təqsirli bilinən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sportinfo.az xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlara şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Prokuror Səidə Məmmədovanın 6 il , Tural Quliyevlə Asif Abdullayevin isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, Bakı şəhəri ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov rayon Polis İdarəsinə müraciət olunub.

Yaradılan əməliyyat-istintaq qrupunun axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri - Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib. Görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub.

Məlum olub ki, Səidə Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək, şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.

Tural Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb.

Tural Quliyev Səidə Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub. Bundan sonra Səidə Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, Səidə Məmmədova əvvəlcədən Tural Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb.

Hadisə günü Tural Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birlikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə, Səidə Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.

Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub. Məhkəmə istintaq dövründə həmin şəxslər ev dustaqlığına buraxılıb.

Səidə Məmmədova və digərləri Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunublar. İttiham aktına əsasən, onlar şirkətin 68 min 603 manat pulunu mənimsəyib. Təqsirləndirilən şəxslər zərəri ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti