"Topaz”a qoyulan pul alınmadı" - Bakıda qadına kömək etmək üçün onu qarət etdilər

12 Mart 2018 10:12 Topaz 1 349
"Topaz”a qoyulan pul alınmadı" - Bakıda qadına kömək etmək üçün onu qarət etdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhərində Rusiyanın Azərbaycanda fəaliyyət göstərən "KDV Azərbaycan" MMC-nin 68 min 600 manat pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sportinfo.az xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prosesdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayev onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. S.Məmmədova hazırkı mərhələdə ifadə vermək istəməyib.

Tural Quliyev ifadəsində deyib ki, şirkətdə kassir işləyən Səidə xanımı hadisədən bir il öncə tanıyıb. Qadının kassada 50 min manat kəsiri olduğunu, torpağını satmaq, ya da banka qoyub pul götürmək istədiyini bilib.

T.Quluyev qadına mərc oyunlarına pul qoymağı məsləhət görüb, amma uduzub. Belə olan təqdirdə cinayət görüntüsü yaratmaq qərarına gəliblər. Səidənin işdən çıxdığı vaxtı ona basqın edib, çantadakı pulları aparmağı planlaşdırıblar.

“Topaz”a qoyulan pul da alınmadı. Səidə şirkətdən çıxış vaxtını mənə dedi. Dostum Asiflə getdik. Səidə xanım çıxıb taksiyə əyləşmək istəyəndə çantasını apardıq. Maşınla Xırdalana getdik. Pulları saydım, cəmi 53 min manat vardı. Səidə özü bizə demişdi ki, iki-üç gün sonra özüm sizinlə əlaqə saxlayacağam”, - T.Quliyev qeyd edib.

Daha sonra Asif Abdullayev ifadə verib. O, hadisədən əvvəl Səidəni tanımadığını deyib: “Turalla görüşdük, dedi Səidənin şirkətdə kəsiri var, torpağını satmaq istəyir. O məsələ alınmadı. Tural dedi ki, başqa çıxış yolumuz yoxdu, Səidəyə kömək etməliyik. Ağır vəziyyətdədir, özünü öldürmək istəyir".

Məhkəmə prosesi 16 mart 14:30-da davam edəcək. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri ərazisində yerləşən şirkətlərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.

DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən S.Məmmədova olduğu məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.

T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da, həmin pulu uduzub.

Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar. Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb.

Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib. Plana görə, S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.

İstintaqın gedişi zamanı qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub. Təqsirləndirilən şəxslərin hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti