Premyer Liqada yayın ilk baş məşqçi ayrılığı "Sumqayıt"da olacaq?

29 İyun 2020 21:40 Sumqayıt 1 941
Premyer Liqada yayın ilk baş məşqçi ayrılığı "Sumqayıt"da olacaq?

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan «Sumqayıt» gözlənilməz təhlükə ilə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, Ayxan Abbasov komandanın sükanı arxasını tərk edə bilər.

Buna səbəb «Azərikimya»nın kluba qazandığı böyük uğura etinasız yanaşması, büdcəni lazımi səviyyəyə çatdırmaqdan imtina etməsidir.

Yəni ki, hadisələrin gedişatının məcrasını dəyişməsinin Riad Rəfiyevlə heç bir əlaqəsi yoxdur. Klub prezidenti həqiqətən də gənc mütəxəssisin qalmasına, ümumiyyətlə, onunla uzunmüddətli müqavilənin bağlanmasına tərəfdardır.

Bu da ki, normal haldır. «Sumqayıt» Abbasovun görəvə gəlməsindən sonra 2 böyük ilkə imza atıb. «Kimyaçılar» ötən mövsüm ölkə kubokunun finalına vəsiqə qazanıbsa, bu il Avropa Liqasında debüt edəcək.

Rəfiyev bütün vasitələrlə çalışır ki, sponsorlar tərəfindən ayrılan büdcə artsın, klub bir qədər də inkişaf etsin, daha iddialı duruma gəlsin və bu, qalıcı olsun.

Gəl ki, nə strategiyanı dəyişmək mümkün olub, nə də başqa məsələ. Bu minvalla, «Sumqayıt» qitə arenasında gənc və təcrübəsiz heyətlə meydana çıxacaq.

Düşərgədəkilər bir ucdan gedir. Müqaviləsi bitən Aleksey İsayev Rusiyadan qayıtmırsa, Əmir Ağayevin bir daha İsraildən dönməsi böyük sual altındadır. Şəhriyar Əliyev «Keşlə»yə, Elvin Cəfərquliyev «Qarabağ»a yollanıb.

Sözləşməsi başa çatanların ümumi sayı 15-ə yaxındır və çox güman ki, qarşıdakı günlərdə daha bir neçə nəfər «kimyaçılar»la sağollaşacaq. Onlar əvvəlki şərtlərlə müqavilə yeniləmək istəmir, bu azmış kimi, transfer siyahısında yer alanlarla danışıqlar da hələ start götürməyib.

Bir sözlə, qeyri-müəyyənlik baş alıb gedir və bildiyimizə görə, Ayxan Abbasova risk etməyə, «qalıram» söyləməyə tələsmir. İlyarımdan artıqdır «Sumqayıt»ı çalışdıran mütəxəssisə bəzi təkliflərin gəlməsi də bizə məlumdur.

Xəbər Lenti