“Hər deyilənə cavab versək, düz olmaz” - VİDEO

29 İyul 2021 16:40 Sumqayıt 511
“Hər deyilənə cavab versək, düz olmaz” - VİDEO

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Çukariçki”yə qarşı keçirəcəkləri oyun barədə danışıb.

- Cavab oyunudur, ilk oyunumuzi səfərdə keçirdik. Səfərin çətinliyini bilirdik, rəqibi təhlil etmişdik. Futbolçularımız yaxşı nəticə əldə etmək üçün çox çalışdılar. Cavab oyunu ilk matçdan daha çətin olacaq. Çünki hər iki komanda bir-birini tanıdı. Hər iki tərəf turu keçmək istəyir. Çətin və önəmli oyuna çıxacağıq. Klub olaraq avrokuboklarda ilkə imza atmaq istəyirik. Evdə oynayırıq. Üstünlüyümüz odur ki, azarkeşlərimiz bizimlə olacaq. Sabah fanatlarımız bizi dəstəkləyəcək. Həqiqətən, dəstəyə ehtiyacımız var. Klub olaraq bu turnirdə təcrübəmiz azdır. Meydan amili və azarkeşlərimiz üstünlüyümüzdür. Hər kəs hazırdır, səbirsizliklə oyunu gözləyir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Heyətdə dəyişiklik olacaq?

- Ola da bilər, olmaya da. İlk rəsmi oyunumuza Serbiyada çıxdıq. Rəqib isə artıq bir neçə rəsmi oyuna çıxıb. Heyətlə bağlı sabah qərar verəcəyik. Zədəlimiz yoxdur, hamı hazırdır.

- İlk matçda Yusif Nəbiyev yaxşı çıxış etmədi. Tellur Mütəllimov sabah meydana çıxa bilər?

- Həqiqətən, biz səfərdə sırf müdafiə olunmaq istəmirdik, belə planımız yox idi. Rəqib bizi müdafiə olunmağa məcbur etdi, çox üstümüzə gəlirdilər. Yusif ötən il az oynayıb. Biz onu əvvəldən tanıyırıq. Ona da vaxt lazımdır. Ümumən, istəyirik ki, komandada rəqabət olsun. Rəqabət olan yerdə inkişaf da olacaq. Hər kəsə şans verəcəyik. Rəqabətin davam etməsi üçün çalışacağıq.

- Hücumda ciddi problemlər var. Sabahkı oyunu əlavə vaxtlara aparmağı düşünürsüz?

- Hər şeyi fikirləşməlisən. Desəm ki, əlavə vaxtı, penaltiləri düşünmürəm, yalan olar. Buna baxmayaraq, sırf belə ssenariyə hazırlaşmırıq. Əsas odur ki, sabah meydanda yaxşı oyun sərgiləyək, azarkeşlərimizi sevindirək. Hücumda tək Əli Qurbani deyil, başqa futbolçularımız da var. Biz istəyirik ki, bütün komanda olaraq hücumda yaxşı çıxış edək.

- Konfrans Liqasında olmağınıza baxmayaraq, az transfer etdiz. Bu, büdcə məsələləri ilə bağlıdır?

- “Sumqayıt” ilk dəfədir ki, heyətində bir çox futbolçuları saxlaya bildi. Hər zaman bunu müzakirə edirik. Əsas üzərimizə düşən heyətimizin özəyini qorumaqdır. Bunu da bacardıq və heyətimizi genişləndirmək üçün işlərimiz davam edir. Transferlərlə bağlı məhdudiyyətimiz var, ancaq işlərimiz gedir.

- Mərhələ adlasaz, yeni futbolçu gələcək?

- Rəhbərliklə belə danışığımız olmayıb. Sadəcə axtarışlarımız da davam edir. İstədiyimiz futbolçular var. Rəhbərlikdən “turu keçsəz, yeni futbolçu alacağıq” deyə bir fikir olmayıb. Biz geniş düşünürük. Mərhələ keçsək, bu, həm klub, həm də futbolçular üçün böyük bir şey olacaq.

- “Çukariçki”nin hansı üstün cəhətlərini deyə bilərsiz?

- Rəqibin üstün cəhətləri var. İlk matçda bunları nəzərə alıb, hazırlaşmışdıq. Rəqibin yaxşı futbolçuları var. Fərdi bacarığı yüksək oyunçuları var. Standart vəziyyətdə də rəqib yaxşı çıxış edir. Futbolçularımdan meydanda rahat olmalarını istəmişəm. Bu, futboldur və biz ilk addımlarımızı atırıq. Futbolçular inkişaf etmək üçün rahat olmalıdırlar. Rəqibdən əlavə, əsas olan öz oyunumuzudur.

- Rəqibin futbolçuları “Sumqayıt”dan daha yaxşı olduqlarını deyirlər. Siz nə deyirsiz bu haqda?

- Hər deyilənə cavab versək, düz olmaz. Mən də oxuyuram. Düzdür, üstünlük onlarda olsa da, yüz faizlik qol epizodları olmayıb, mən bunu görməmişəm. Bizim planımız var idi, sadəcə hücumda istədiyimizi edə bilmədik. Bəzi futbolçularımız ilk dəqiqələrdə bir az həyəcanlı oldular. Bizim bu mərhələni keçmək şansımız var. Düzgün oynasaq, hər rəqibə qarşı oynamaq olar. Öz oyunumuzu göstərə bilsək, istədiyimiz nəticəni əldə edə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu