Aleksandr Şemonayevi xatırlayırsınız?
Uzun illər Premyer Liqada “Simurq”, AZAL, “Xəzər Lənkəran”, “Zirə” kimi komandaların şərəfini qorumuş sol cinah müdafiəçisi.
Bir vaxtlar sayılıb-seçilən, xüsusən də fiziki göstəricilərinə görə fərqlənən futbolçulardan hesab olunurdu.
Lakin “Zirə”də oynadığı vaxt aldığı ağır zədə elita karyerasının başa çatması ilə nəticələndi.
Daha sonra səsi aşağı liqalardan gəldi, bir müddət minifutbolda top dalınca qaçdı, Azərbaycan yığmasına cəlb olundu və yenidən gözdən itdi.
Saşa hazırda Zaqataladadır. Futboldan uzaq düşərək fərqli sahədə işləyir.
Elə Sportinfo.az-a verdiyi müsahibə də iş saatından sonraya təsadüf etdi.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/239693.html)
- Bəlkə sən də ödənişli məşqlər keçəsən? Düşünmüsən bu barədə?
- Mən uşaqdan pul alıb məşq keçə bilmərəm. Gecəni rahat yatmaram o gün. Şükür Allaha, bütün Zaqatala tanıyır məni. Elə bir fikrim olsa, 500 nəfər yığıb pulumu qazanaram. Ancaq mənə elə pul lazım deyil. Sponsor ola, məktəb aça, hə, orada rahat işləyərəm. Və ya AFFA özü nəsə edə, başqa məsələ. Kasıb ailələr var, çörəyi güclə tapırlar, onların verdiyi 20-30 manatı yeyə bilmərəm. Mənlik deyil.
- Vəziyyət çox acınacaqlıdır Zaqatala futbolunda?
- Yaxşı heç nə yoxdur. Uşaq futbolu adına yaxşı nəsə olduğunu düşünmürəm. Komandalar var, amma pul yığmaqla futbol inkişaf etmək mümkün deyil.
- Azərbaycan futbolu Zaqataladan necə görünür?
- Yalandan, boş-boş inkişafdan danışırlar. Haradadır o inkişaf? Bu gün Mahmud Qurbanov, Mahir Şükürov, Rəşad Abdullayev, Anar Nəzirov, Kamal Bayramov, Elvin Məmmədov, Maksim Medvedev, Əfran İsmayılov səviyyəsində futbolçular yoxdur. Əslində, xərclənən o qədər pulun qarşılığında indi onlardan daha bacarıqlı uşaqlar olmalıydı. Hanı? Yoxdur. Yoxdursa, deməli irəliyə yox, geriyə addımlayırıq.
- Bəs, 12 komandalı Premyer Liqa necə?
- “İmişli” ev oyunlarını harada keçirir? “Kəpəz” rəqiblərini harada qəbul edir? Komandalar öz stadionlarında, azarkeşlərinin qarşısında oynamırsa, 12 yox e, lap 22 komandanın olmasının nə xeyri? Bu boyda ölkədə üzümüzü güldürən bir komanda var – “Qarabağ”. Həm Premyer Liqada rəng qatır, həm də avrokuboklarda nəticələr qazanır. Eyni komanda illərdir çempion olursa, hansı Premyer Liqadan danışırıq? 15-20 il əvvəl necəydi? Bir il “Bakı” çempion olurdu, o biri il “Neftçi”, sonra “İnter”, ardınca “Xəzər Lənkəran”. Əsl futbol o idi.
- Futboldan kənarda qalmağın təsir edir sənə?
- Necə təsir etməsin? 40 yaşım var, 30 ilini futbola həsr etmişəm. Gözümü açandan futbol görmüşəm, Zaqataladakı stadionun yanında yaşamışam, böyümüşəm. 7-8 yaşımdan futbolda olmuşam.
- İndi nə işlə məşğulsan?
- Zavodda işləyirəm, xurma quruduram.
- Nə danışırsan?
- Hə, bəs necə?
- Yaşıl meydandan xurma zavoduna aparan yolu təsvir edə bilərsən?
- Futbolu qurtarandan sonra nə təklif oldu, nə zəng vuran, nə də maraqlanan. Məcbur qalıb ev təmiri işində rəngsazlığa başladım. Bir müddət Gürcüstanda işlədim, sonra Çeçenistana getdim. İndi elə yaşdır ki, evdən uzaqda çox qalmaq olmur. Ailə, uşaq, qayğılar... Məcbur olub Zaqatalaya qayıtdım. Buradakı işlərlə maraqlananda belə bir variant çıxdı qarşıma. İşsiz qalmamaq, dolanmaq üçün zavodda işləyirəm.
- Maaş yaxşıdır heç olmasa?
- Ayı başa vurmaq üçün yaxşıdır.
- Premyer Liqada kifayət qədər oynadığını nəzərə alsaq, özünə şərait qura bilmisən?
- Yox-yox.
- Qazancın istədiyin kimi deyildi, yoxsa cavanlıq səhvləri imkan vermədi?
- Şükürlər olsun, yerimizi bilmişik, cavanlıq səhvləri etməmişəm. Sadəcə qazancım yüksək olmayıb. Tək idim, elə də çox tanıyan yox idi. Öz hesabıma, gücümə irəli getməyə çalışırdım. Yaxşı formaya düşüb təzə-təzə 5-10 manat görməyə başlayanda zədələndim. “Zirə” sağ olsun, dedilər, get, ayağını evdə düzəldərsən. Bununla da bitdi.
- Dost-tanış, qohum-əqraba belə vəziyyətlə üzləşməyinin səbəbini soruşur? Nə deyirsən onlara?
- Əlbəttə, soruşurlar. Balaca rayondur, hamı bir-birini tanıyır. Görəndə soruşurlar, maraqlanırlar. Kənarda qalmağımın səbəbini bayaq sizə necə demişdimsə, onlara da elə izah edirəm.
- Qurban Qurbanovla Musa Qurbanovun Zaqataladan olduğunu nəzərə alsaq, nə əcəb “Qarabağ”a yolun açılmayıb?
- Nə bilim, vallah. Yəqin ki, futbolçu kimi “Qarabağ”a layiq bilməyiblər.
- Bəs, məşqçiliyə başlamaq baxımından?
- “Zaqatala”da karyeramı başa vuranda, klubun rəhbəri Musa Qurbanov idi. Futbolu qurtardım, sağollaşdıq, vəssalam. Kimsə çağırsın, iş təklif eləsin, elə şey olmadı. Təklif olsaydı, məmnuniyyətlə dəyərləndirərdim.
- Münasibətiniz necədir?
- Şükür Allaha, yaxşıdır.
HƏBİB

