Aleksandr Şemonayevi xatırlayırsınız?
Uzun illər Premyer Liqada “Simurq”, AZAL, “Xəzər Lənkəran”, “Zirə” kimi komandaların şərəfini qorumuş sol cinah müdafiəçisi.
Bir vaxtlar sayılıb-seçilən, xüsusən də fiziki göstəricilərinə görə fərqlənən futbolçulardan hesab olunurdu.
Lakin “Zirə”də oynadığı vaxt aldığı ağır zədə elita karyerasının başa çatması ilə nəticələndi.
Daha sonra səsi aşağı liqalardan gəldi, bir müddət minifutbolda top dalınca qaçdı, Azərbaycan yığmasına cəlb olundu və yenidən gözdən itdi.
Saşa hazırda Zaqataladadır. Futboldan uzaq düşərək fərqli sahədə işləyir.
Elə Sportinfo.az-a verdiyi müsahibə də iş saatından sonraya təsadüf etdi.
- Xeyli vaxtdır səs-sorağın gəlmir. Haradasan? Nə işlə məşğulsan?
- Çoxdan yoxam. Axırıncı dəfə 2022-ci ildə mini futbol millisi ilə Avropa çempionatına getmişdim. Ondan sonra tamamilə uzaqlaşdım. Həm Premyer Liqada, həm də minifutbolda son klubum “Zirə” olub.
- Niyə uzaqlaşdın?
- Axtaran yox, təklif edən yox. Təklif olmalıdır ki, müzakirə edəsən, razılaşasan, gedib işləyəsən.
- Özün də cəhd etmirsən?
- Cəhdi kimə edəsən, nəyə edəsən?
-İndi elə dövrdür ki, gərək özünü gözə soxasan, varlığını hiss etdirəsən. Oturduğun yerdə kimsə gəlib qapını döyməyəcək.
- Mənlik deyil. Siz də bağışlayın, yaltaqların dövrüdür, onu da mən bacarmıram. Bunu edəndə də sabah kiminsə qabağında “boyun olursan”, başıaşağı gəzirsən. Bu günümə min şükür. Tanıyanlardan kiməsə lazım olsam, zəng edib deyər ki, gəl işlə, futbola kömək et.
- Zaqatala futbolunda da yer tapılmır?
- Minifutbola getməmişdən əvvəl “Zaqatala”da oynayırdım. Yəni göz qabağındaydım. Sonradan nə çağıran oldu, nə də soruşuib-maraqlanan. Balaca rayondur, hamı bir-birini tanıyır. Lazım olsaydım, çağırardılar.
- Məşqçi işləyə bilmərsən?
- Gedib stadiona girib “mən məşqçi işləmək istəyirəm” deməyəcəm ki. Kimsə təklif etməlidir də. İşləməyəcəmsə, kateqoriyanı alıb evə qoymağın nə mənası var?
- Kateqroiya almaq üçün hansısa komandada işləməli deyilsən?
- “C”də buna ehtiyac yoxdur. “B”ni almaq üçün haradasa işləməlisən. Bir də ki, işlədiyim yer olsa, kateqoriyanı oxuyub ala bilərəm.
- Futbolçu karyeranı 32 yaşında - tez başa vurdun sanki. Nə baş verdi?
- 3 il “Zirə”də oldum, canımı qoydum. Məşqlərin birində ayağım sındı, dedilər, “salamat qal, get, evdə istirahət et”. Açıq şəkildə evə göndərdilər. Halbuki, futbolçu ağır zədə alanda belə davranmırlar.
- Necə edirlər?
- Futbolun yazılmamış qanunları var. Komandanın oyununda, yaxud məşqində ayağın sınıbsa, ya da ağır zədə almısansa, jest olaraq müqaviləni 1 il də artırırlar ki, kluba görə olub. Ayağım gipsdə ola-ola qapını göstərdilər. Mövsümün sonu idi, 2-3 oyun qalmışdı, müqaviləmin müddəti başa çatırdı. Zədələnməsəydim, Premyer Liqada rahat 2-3 il də “dartardım”. Fiziki cəhətdən yaxşı idim, bəlkə də bu günə qədər oynayardım. Zədələndiyim “Zirə” mənə sahib çıxmamışdısa, kimə lazım olacaqdım ki?
- Sonra qayıtdın amma.
- Hə, təxminən 1 il müalicəyə, bərpaya vaxt itirəndən sonra özümə gəldim. Bir müddət “Baku City” ilə Region Liqasında, sonra “Zaqatala” ilə I Liqada çıxış etdim, 36-37 yaşıma qədər futbol oynadım.
- “Mini”də də çox qalmadın.
- Orada da ağır zədə aldım. Hətta Avropa çempionatına zədəli halda getmişdim. Uzun müddət idi oynamırdım deyə, əzələlər zəifləmişdi.
- Zaqatalada uşaq futbolunun durumu necədir? Uşaq futbolunda gələcək adına işıq görünür?
- Açığı, tam futbolun içində olmadığım üçün dəqiq nəsə demək çətindir. Ancaq evim stadionun yanında yerləşdiyi üçün arada gedib məşqlərə, oyunlara baxıram. Onu deyə bilərəm ki, yaxşı heç nə görünmür.
- Niyə?
- Aşağı yaş qruplarından ibarət komandaların pullu olması mənə çatmır. Səhv etmirəmsə, yalnız bir qrup ödənişsizdir. Dövlət tərəfindən bu qədər diqqət və maliyyə ayrılır, futbolun inkişafından danışılır, ancaq bölgədə uşaqlardan ödəniş tələb olunur. Bəlkə də çoxunun bu faktdan xəbəri yoxdur. Ancaq mən bir zaqatalalı kimi demək məcburiyyətindəyəm. O gün iki uşaq öz aralarında söhbət edirdi, mən də arxalarınca gəlirdim.
- Aha...
- Biri o birinə deyir ki, ödənişi gətirmisən? O da cavab verir ki, o biri məşqdə gətirəcəm. Dedi, gətirməmisənsə, buraxmayacaqlar səni. Məşqə bu əhval-ruhiyyədə gələn uşaq futbolçu ola bilər, sizcə? Bəzi valideynlərin pul var, uşağı avara olmasın deyə, 50 manatından keçməyə razıdır. Halbuki uşağının futboldan anlayışı yoxdur. Ancaq eləsi də var ki, inanılmaz potensiala sahib olsa da, pulu olmadığına görə boynubükük qalır. Ya da 20 manata gücü çatır. Məşqçi hansına daha çox güvənəcək? Hansına çox şans verəcək? Təbii ki, 50 manat verənə. Hələ mən süni örtük məsələsini demirəm.Vəziyyət get-gedə pisə doğru gedir.
- Bəlkə sən də ödənişli məşqlər keçəsən? Düşünmüsən bu barədə?
- Mən uşaqdan pul alıb məşq keçə bilmərəm. Gecəni rahat yatmaram o gün. Şükür Allaha, bütün Zaqatala tanıyır məni. Elə bir fikrim olsa, 500 nəfər yığıb pulumu qazanaram. Ancaq mənə elə pul lazım deyil. Sponsor ola, məktəb aça, hə, orada rahat işləyərəm. Və ya AFFA özü nəsə edə, başqa məsələ. Kasıb ailələr var, çörəyi güclə tapırlar, onların verdiyi 20-30 manatı yeyə bilmərəm. Mənlik deyil.
- Vəziyyət çox acınacaqlıdır Zaqatala futbolunda?
- Yaxşı heç nə yoxdur. Uşaq futbolu adına yaxşı nəsə olduğunu düşünmürəm. Komandalar var, amma pul yığmaqla futbol inkişaf etmək mümkün deyil.
- Azərbaycan futbolu Zaqataladan necə görünür?
- Yalandan, boş-boş inkişafdan danışırlar. Haradadır o inkişaf? Bu gün Mahmud Qurbanov, Mahir Şükürov, Rəşad Abdullayev, Anar Nəzirov, Kamal Bayramov, Elvin Məmmədov, Maksim Medvedev, Əfran İsmayılov səviyyəsində futbolçular yoxdur. Əslində, xərclənən o qədər pulun qarşılığında indi onlardan daha bacarıqlı uşaqlar olmalıydı. Hanı? Yoxdur. Yoxdursa, deməli irəliyə yox, geriyə addımlayırıq.
- Bəs, 12 komandalı Premyer Liqa necə?
- “İmişli” ev oyunlarını harada keçirir? “Kəpəz” rəqiblərini harada qəbul edir? Komandalar öz stadionlarında, azarkeşlərinin qarşısında oynamırsa, 12 yox e, lap 22 komandanın olmasının nə xeyri? Bu boyda ölkədə üzümüzü güldürən bir komanda var – “Qarabağ”. Həm Premyer Liqada rəng qatır, həm də avrokuboklarda nəticələr qazanır. Eyni komanda illərdir çempion olursa, hansı Premyer Liqadan danışırıq? 15-20 il əvvəl necəydi? Bir il “Bakı” çempion olurdu, o biri il “Neftçi”, sonra “İnter”, ardınca “Xəzər Lənkəran”. Əsl futbol o idi.
- Futboldan kənarda qalmağın təsir edir sənə?
- Necə təsir etməsin? 40 yaşım var, 30 ilini futbola həsr etmişəm. Gözümü açandan futbol görmüşəm, Zaqataladakı stadionun yanında yaşamışam, böyümüşəm. 7-8 yaşımdan futbolda olmuşam.
- İndi nə işlə məşğulsan?
- Zavodda işləyirəm, xurma quruduram.
- Nə danışırsan?
- Hə, bəs necə?
- Yaşıl meydandan xurma zavoduna aparan yolu təsvir edə bilərsən?
- Futbolu qurtarandan sonra nə təklif oldu, nə zəng vuran, nə də maraqlanan. Məcbur qalıb ev təmiri işində rəngsazlığa başladım. Bir müddət Gürcüstanda işlədim, sonra Çeçenistana getdim. İndi elə yaşdır ki, evdən uzaqda çox qalmaq olmur. Ailə, uşaq, qayğılar... Məcbur olub Zaqatalaya qayıtdım. Buradakı işlərlə maraqlananda belə bir variant çıxdı qarşıma. İşsiz qalmamaq, dolanmaq üçün zavodda işləyirəm.
- Maaş yaxşıdır heç olmasa?
- Ayı başa vurmaq üçün yaxşıdır.
- Premyer Liqada kifayət qədər oynadığını nəzərə alsaq, özünə şərait qura bilmisən?
- Yox-yox.
- Qazancın istədiyin kimi deyildi, yoxsa cavanlıq səhvləri imkan vermədi?
- Şükürlər olsun, yerimizi bilmişik, cavanlıq səhvləri etməmişəm. Sadəcə qazancım yüksək olmayıb. Tək idim, elə də çox tanıyan yox idi. Öz hesabıma, gücümə irəli getməyə çalışırdım. Yaxşı formaya düşüb təzə-təzə 5-10 manat görməyə başlayanda zədələndim. “Zirə” sağ olsun, dedilər, get, ayağını evdə düzəldərsən. Bununla da bitdi.
- Dost-tanış, qohum-əqraba belə vəziyyətlə üzləşməyinin səbəbini soruşur? Nə deyirsən onlara?
- Əlbəttə, soruşurlar. Balaca rayondur, hamı bir-birini tanıyır. Görəndə soruşurlar, maraqlanırlar. Kənarda qalmağımın səbəbini bayaq sizə necə demişdimsə, onlara da elə izah edirəm.
- Qurban Qurbanovla Musa Qurbanovun Zaqataladan olduğunu nəzərə alsaq, nə əcəb “Qarabağ”a yolun açılmayıb?
- Nə bilim, vallah. Yəqin ki, futbolçu kimi “Qarabağ”a layiq bilməyiblər.
- Bəs, məşqçiliyə başlamaq baxımından?
- “Zaqatala”da karyeramı başa vuranda, klubun rəhbəri Musa Qurbanov idi. Futbolu qurtardım, sağollaşdıq, vəssalam. Kimsə çağırsın, iş təklif eləsin, elə şey olmadı. Təklif olsaydı, məmnuniyyətlə dəyərləndirərdim.
- Münasibətiniz necədir?
- Şükür Allaha, yaxşıdır.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

