“Qalatasaray”lılar ermənilərə Azərbaycan bayrağı ilə cavab verdi - FOTOLAR

3 Oktyabr 2021 13:40 Sizdən Bizə 1 944
“Qalatasaray”lılar ermənilərə Azərbaycan bayrağı ilə cavab verdi - FOTOLAR

Avropa Liqasının qrup mərhələsinin II turunda "Marsel" və "Qalatasaray" arasındakı oyunda baş verən hadisələrə görə 5 nəfər saxlanılıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub.

Bundan başqa, hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıb.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Marsel Fransada ermənilərin çox olduğu şəhərdir. Oyun bitdikdən sonra tribunada Azərbaycan bayrağının qaldırılması qarşıdurmaya səbəb olub.

Türkiyə mətbuatının yazdığına görə, “Marsel” tərəfdarları tribunada klubun həyatını itirən azarkeşinin xatirəsini anmaq istəyiblər. Bu zaman tribunada Ermənistan bayrağı açılıb.

Bunun ardınca türk azarkeşlərin olduğu tribunada Azərbaycan bayrağı qaldırılıb. İki klubun azarkeşləri arasında əlbəyaxa dava olub.

Qarşıdurmaya polis müdaxilə edib, stadiona ciddi ziyan dəydiyi qeyd olunur.

"Qarşı tərəfdə daim Ermənistan bayrağı açırsınızsa, tribunalarımızı təhrik edirsiniz. Amma rəqib fanatlar dayanmadan yunan bayrağı, erməni bayrağı açdılar, səs bombaları atdılar".

Bu fikirləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim yaşananlarla bağlı danışarkən deyib. 69 yaşlı mütəxəssis "sarı-qırmızı"lı fanatların ürəkləri ilə komandaya dəstək olduğunu və onları tək buraxmadığını bildirib:

"Bu, asan məsələ deyil. Haqlıdırlar. Böyük kütlənin içərisində ürəkləri ilə bizi yalqız qoymadılar. Qarşı tərəf səs bombaları atırdı.

Onlar atdıqları üçün hər halda bizimkilər dayanmayacaqdı. Mən azarkeşlərimizdən sakit olmalarını istədim. Sağ olsunlar, xahişimə əməl etdilər".

Digər Xəbərlər
Xəbər Lenti