Azərbaycan Premyer Liqasının səviyyəsi ildən-ilə yüksəlməkdədir.
Ölkəmizə daha keyfiyyətli legionerlərin gəlməsi və klubların seleksiya işini düzgün qurması çempionatda rəqabəti xeyli artırıb.
Artıq oyunlarda aşkar favorit anlayışı yoxdur. Hətta turnir cədvəlinin orta və aşağı pillələrində qərarlaşan komandalar da iddialılara ciddi müqavimət göstərir, bəzən onlardan xal almağı bacarırlar.
İki il əvvəl “Səbail”in formasını geyinmiş, hazırda isə “Şamaxı”nın uğurları üçün tər tökən Ayman Buali də Premyer Liqanın səviyyəsinin yüksəldiyini düşünür.
Mərakeşli yarımmüdafiəçi bu barədə Sportinfo.az-a danışarkən çempionatda rəqabətin əvvəlki illərlə müqayisədə xeyli artdığını bildirib:
“Öncəki mövsümlərlə müqayisədə çempionatın daha gərgin keçdiyini görürəm. Təkcə çempionluğa iddialı komandalar arasında deyil, orta sıralarda qərarlaşan kollektivlər arasında da ciddi mübarizə gedir.
İlk növbədə qeyd etməliyəm ki, indi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir.
İki il əvvəlki dövrü xatırlayıram. Həmin vaxt “Qarabağ” rəqiblərini aşkar şəkildə üstələyirdi. “Sabah” müəyyən qədər onlara rəqib ola bilirdi.
Ancaq indi turnir cədvəlinə baxanda “Qarabağ”, “Neftçi”, “Turan Tovuz”, “Sabah”, hətta “Zirə” kimi komandaların çempionluğa oynadıqlarını görmək mümkündür.
Təbii ki, bu vəziyyət Azərbaycan çempionatının keyfiyyətindən xəbər verir. Bu, ölkə futbolunun inkişafı baxımından olduqca sevindirici haldır.
İnanıram ki, bu gedişlə gələcəkdə daha səviyyəli futbolçular da Azərbaycanda çıxış etməyə maraq göstərəcəklər”.
HƏBİB
