“Qazanmaq istəyiriksə, “Neftçi” və “Sabah”a qarşı mübarizliyi ortaya qoymalıyıq”

20:40 Şamaxı 75
“Qazanmaq istəyiriksə, “Neftçi” və “Sabah”a qarşı mübarizliyi ortaya qoymalıyıq”

“Şamaxı” ağır təqvimlə üz-üzədir.

İlk dövrənin son oyunlarında “Neftçi”yə minimal hesabla uduzub (2:3), səfərdə son çempion “Sabah”la bərabərə qalan (2:2) “şirlər” indi də “Turan Tovuz”un yolunu gözləyir.

Həmin “Turan Tovuz” ki, çempionluğa namizəd komandaların üçünü məğlub edib, yalnız biri ilə heç-heçə oynamasına baxmayaraq, “İmişli” və “Kəpəz” kimi rəqiblərinə uduzub.

Məhz bu fakt şamaxılıların tovuzlularla dueldən azı 1 xalla ayrılacağına dair ehtimalı artırır. Yeri gəlmişkən, bu komandalar arasında ilk dövrədə Tovuzda keçirilən oyunda qapılara qol vurulmamışdı ki, heç-heçə “Şamaxı” cəbhəsində böyük sevinclə qarşılanmışdı.

“Şirlər”in kapitan-qapıçısı Rikardo Fernandes Sportinfo.az-a açıqlamasında rəqibin son həftələrdəki inamlı çıxışını xüsusi şəkildə qeyd edib:

“Neftçi” və “Sabah”la matçlarda məhsuldarlıq göstərməyi bacardıq. Təəssüf ki, aktivimizə 1 xal yazdırdıq.

Bu, onu göstərir ki, üzərində işləməli və düzəltməli olan şeylər var. Xüsusən rəqibin hücumları zamanı diqqətli davranmalıyıq.

“Turan Tovuz” hazırda çox yaxşı formadadır. “Sabah” və “Qarabağ” kimi rəqiblərini məğlub etməyi bacarıblar.

Bu qələbələr onlarda özünəinam yaradıb. Çox çətin matç olacaq.

Qələbə qazanmaq istəyiriksə, “Neftçi” və “Sabah”la görüşlərdəki mübarizliyi ortaya qoymalıyıq. Döyüşçü ruhu göstərməklə istəyimizə çata bilərik”.

Noyabrın 21-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək duel saat 14:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti