I Liqanın 8-ci turunun mərkəzi qarşılaşması Binədə baş tutacaq.
Bölgə futbolunun iki iddialı təmsilçisi – “Şahdağ Qusar”la “Gəncəbasar” Binə qəsəbə stadionunda üz-üzə gələcək.
Komandalar arasındakı rəqabət barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təkcə turnir cədvəlindəki vəziyyətə nəzər salmaq kifayətdir. 7 turdan sonra aktivində 18 xal olan “Şahdağ Qusar” hazırda liderdir. Gəncəlilər isə 16 xalla 2-ci pillədə qərarlaşıb.
Deməli, qarşılaşma liderlik kürsüsü baxımından xüsusi əhəmiyyət daşıyır.
Şimal təmsilçisi qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi ilə xal fərqini 5-ə çatdıracaq. Üstəlik, bu həftə “Səbail” və MOİK-in öz aralarındakı görüşdə heç-heçə etməsi, hər iki komandanın xal itirməsi qusarlıların qələbə motivasiyasını daha da artırır.
Füzuli Məmmədovun yetirmələri 3 xala sevinəcəyi halda həm “Gəncəbasar”la fərqi artıracaq, çempionluq yolundakı digər rəqiblərindən bir qədər də uzaqlaşacaqlar.
Yox, əgər “Gəncəbasar” qalib gəlsə, o zaman liderlik kürsüsünü gəncəlilər ələ keçirəcək və çempionluq yolunda kifayət qədər ciddi addım atmış olacaq.
Komandaların heyətinə nəzər saldıqda fərqli mənzərə diqqət çəkir. “Şahdağ Qusar” təcrübəsi ilə seçilir. Komandanın sükanı arxasında illərin təcrübəsi Füzuli Məmmədov dayanır. Heyətdə Məqsəd İsayev, Ürfan İsmayılov, Vüqar Həsənov kimi təcrübəli futbolçular da yer alıb.
“Gəncəbasar” isə əsasən mübarizliyi, fiziki hazırlığı və fərdi keyfiyyətləri ilə seçilən yerli və əcnəbi gənclərdən təşkil olunub. Bu baxımdan qarşılaşmanı təcrübəlilərlə gənclərin dueli kimi də xarakterizə etmək olar.
Əlbəttə, məşqçilərin qarşıdurması da maraq doğurmaya bilməz. Füzuli Məmmədovla Elhad Nəzirinin taktiki mübarizəsinin necə nəticələnəcəyi görüşün taleyinə təsirsiz ötüşməyəcək. Görək, gənc mütəxəssis öz taktiki bacarığı ilə təcrübəli həmkarına qarşı nə dərəcədə uğurlu ola biləcək?
Bütün hallarda bu qarşılaşmada qazanılacaq qələbə hər iki komanda üçün çempionluq mübarizəsində ciddi əhəmiyyət daşıyır. Qalibiyyətə sevinən tərəf yalnız turnir cədvəlində üstünlük əldə etməyəcək, həm də növbəti oyunlar öncəsi özünəinamını artıracaq.
Noyabrın 20-də Binə qəsəbə stadionunda keçiriləcək “Şahdağ Qusar” – “Gəncəbasar” qarşılaşması saat 14:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
