Azərbaycan millisinin oyunlarından sonra vətənə qayıdan Musa Qurbanov hava limanında diqqətçəkən görüntülərlə yadda qalıb.
Hücumçunun yanında çoxsaylı çantalar, bağlamalar və xüsusilə Barselonanın tanınmış brend mağazalarına aid alış-veriş paketləri diqqətdən yayınmayıb.
Təbii ki, onun şəxsi vəsaitini necə xərcləməsi onun öz işidir. Ancaq millinin formasını geyinən futbolçu həm də ictimaiyyətin diqqət mərkəzində olduğunu unutmamalıdır.
Dünya futbolunda belə görüntülər dəfələrlə müzakirə mövzusuna çevrilib. 2021-ci ildə İran komandasının oyunçuları Beyrut hava limanında çoxsaylı və iri baqaj arabaları ilə görüntüləndikdən sonra sosial şəbəkələrdə istehza və tənqid hədəfinə çevrilmişdilər.
“Everton” və İrlandiya millisinin sabiq kapitanı Seamus Koliman isə futbolçuların bahalı brendlərə və dəbdəbəli aksessuarlara həddindən artıq marağını tənqid edərək, onların əsas diqqətinin məşqlərə və meydandakı çıxışlarına yönəlməli olduğunu bildirmişdi.
Bəlkə də Azərbaycan futbolunda da artıq bəzi məsələlərə bir qədər fərqli yanaşmağın vaxtıdır. Millinin nəticələri, futbolçuların meydandakı məsuliyyəti və peşəkarlıq səviyyəsi müzakirə olunmalı olduğu halda, hava limanındakı bu görüntülər də diqqətdən yayınmır.
Görünür, səfər təkcə futbol baxımından deyil, alış-veriş baxımından da kifayət qədər məhsuldar keçib.
Əlbəttə, hər kəs öz qazancını istədiyi kimi xərcləməkdə sərbəstdir. Ancaq söhbət ölkənin bir nömrəli komandasını təmsil edən futbolçudan gedirsə, belə görüntülər istər-istəməz müzakirə doğurur və birmənalı qarşılanmır.
SPORTİNFO.AZ

