“Transfer bazarında seçim etmək asan olmasa da, addımlar atmağa çalışacağıq”

08:20 I Divizion 44
“Transfer bazarında seçim etmək asan olmasa da,  addımlar atmağa çalışacağıq”

“Karvan-Yevlax”la qarşılaşmaya ciddi hazırlaşmışdıq. Rəqibin güclü kollektiv olduğunu bilirdik.

Gərgin və çətin oyun keçdi. Əslində, hazırladığımız planı meydanda tətbiq edə bilmişdik.

Lakin belə görüşlərdə fərdi səhvlər həlledici rol oynayır. Hesabda geriyə düşməyimizə də məhz bu amil səbəb oldu.

Bu dəfə səhvə bizim futbolçulardan biri yol verdi. Buna baxmayaraq, heç kimi günahlandırmıram.

Meydanda göstərdikləri mübarizəyə və əzmkarlığa görə bütün komandaya təşəkkür edirəm. İnanıram ki, azarkeşlər də maraqlı və mübarizəli qarşılaşmanın şahidi oldular”.

Sportinfo.az xəbər verir ki, bunu I Liqada çıxış edən “Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov VII turda qarşılaşdıqları “Karvan-Yevlax” ilə matçdan sonra mətbuat konfransında deyib.

Nəcəfov ikinci hissədə oyunun gedişatında müşahidə olunan fərqin əsas səbəblərindən birinin komandanın fiziki hazırlığı ilə bağlı olduğunu vurğulayıb. O, rəqiblə müqayisədə hazırlıq prosesinə daha gec başladıqlarını diqqətə çatdırıb:

“Karvan-Yevlax” Premyer Liqadan yeni düşüb və yenidən elitaya qayıtmaq uğrunda mübarizə aparır. Rəqib mövsümün əvvəlindən eyni məşqçi ilə çalışır, heyətini formalaşdırıb və birgə təlim-məşq toplanışı keçib. Biz isə komandamızı yalnız dördüncü turdan etibarən Xankəndidə formalaşdırmaq imkanı əldə etdik. Yay hazırlıq mərhələsinin lazımi səviyyədə keçilməməsi futbolçuların fiziki durumuna təsir göstərir. Xüsusilə 60-70-ci dəqiqələrdən sonra bu amil daha qabarıq hiss olunur. Problemi aradan qaldırmaq üçün zamana ehtiyacımız var. Məqsədimiz komandanı 90 dəqiqə ərzində yüksək tempdə oynaya biləcək səviyyəyə çatdırmaqdır. Digər tərəfdən, ehtiyat oyunçular skamyamız da kifayət qədər geniş deyil. Yorulan futbolçuları əvəzləmək istəsək də, eyni keyfiyyətdə alternativlərin olmaması dəyişiklik imkanlarımızı məhdudlaşdırır”.

Baş məşqçi Xankəndinin coğrafi mövqeyinin də futbolçuların fiziki vəziyyətinə təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, yüksəklik amili xüsusilə qarşılaşmanın ilk dəqiqələrində özünü büruzə verir:

“Xankəndinin coğrafi mövqeyi və yüksəklikdə yerləşməsi futbolçuların fiziki vəziyyətinə təsirsiz ötüşmür. Xüsusilə ilk 15-20 dəqiqədə havanın fərqli olması oyunçuların nəfəs almasında müəyyən çətinlik yaradır. Biz rəqibdən fərqli olaraq, şəhərə iki gün əvvəl gəldiyimiz üçün bu təsiri nisbətən az hiss etdik. Bununla belə, yüksəklik amilinin fiziki hazırlığa təsir göstərdiyi danılmazdır”.

O, stadionunun ot örtüyünün vəziyyətinə də toxunub. O, meydançanın hələ tam oturuşmamasının hər iki komandanın oyununa təsir etdiyini qeyd edib:

“Xankəndi stadionunun yeni istifadəyə verilməsi ilə əlaqədar meydançanın vəziyyətinin də futbolçular üçün müəyyən çətinlik yaratdığını düşünürəm. Ot örtüyü hələ tam oturuşmadığından həm bizim, həm də rəqib komandanın oyunçularının hərəkətində problemlər yarandı. Lakin zaman keçdikcə komandalar meydançaya uyğunlaşacaq və bu çətinliklər aradan qalxacaq. Rəqib seçimi ilə bağlı xüsusi narahatlığımız yox idi. Bu qarşılaşmaya da qələbə qazanmaq niyyəti ilə çıxmışdıq. Sadəcə, bəzi təşkilati məsələlərə görə ev oyunlarımızı planlaşdırdığımız vaxtda keçirmək mümkün olmadı və təqvimə uyğunlaşmalı olduq. “Karvan-Yevlax” güclü rəqibdir, amma heç bir komandadan çəkinmirik. Futboldur, bu dəfə nəticə istədiyimiz kimi olmadı”.

Nəcəfov cari mövsümün komanda üçün daha çox uyğunlaşma və formalaşma mərhələsi olduğunu bildirib. O, qış fasiləsində heyətin gücləndirilməsinin planlaşdırıldığını və əsas hədəflərinin ilk beşlikdə qərarlaşmaq olduğunu açıqlayıb:

“Ardıcıl çempionluqlar növbəti səviyyəyə hazırlıq üçün ayrılan vaxtı məhdudlaşdırır. Bu səbəbdən rəhbərliklə birgə cari mövsümü keçid mərhələsi kimi qiymətləndirmişik. Əsas çatışmazlıqlarımızdan biri futbolçuların oyun xüsusiyyətlərinin bir-birinə bənzəməsidir. Komandada həm müdafiə xəttinin arxasına açılan, həm də rəqibin üzərinə gedərək fərdi keyfiyyətləri hesabına üstünlük yaradan oyunçular olmalıdır. Hazırkı heyətdə bu baxımdan müxtəliflik çatışmır. Qış fasiləsində oyun fəlsəfəmizə uyğun futbolçuları transfer etməyi düşünürük. Transfer bazarında seçim etmək asan olmasa da, bu istiqamətdə addımlar atmağa çalışacağıq. Hazırkı əsas məqsədimiz I Liqada möhkəmlənmək və mümkün qədər ilk beşlikdə yer almaqdır. Bu, həm klubun, həm də futbolçuların liqaya uyğunlaşması baxımından vacibdir. “Xankəndi” üçün bu, I Liqadakı ilk mövsümdür. Gələn mövsümdən etibarən isə daha böyük hədəflər, o cümlədən çempionluq uğrunda mübarizə aparmağı planlaşdırırıq”.

Baş məşqçi komandanın gələcəkdə tam şəkildə Xankəndiyə köçürülməsinin nəzərdə tutulduğunu da bildirib. O, heyətin gücləndirilməsinin və şəhərdə daha çox vaxt keçirilməsinin vacibliyini vurğulayıb:

“Komandanın gələcəkdə Xankəndidə məskunlaşması ilə bağlı planlarımız var. Məqsədimiz kollektivin tam şəkildə buraya köçməsidir. Bunun yanvar ayından, yoxsa yayda reallaşacağı ilə bağlı məsələlər hazırda rəhbərlik tərəfindən dəyərləndirilir. İstəyirik ki, futbolçular burada daha çox vaxt keçirsin, şəhərə və stadiona tam uyğunlaşsınlar. Xankəndini rəqiblər üçün çətin səfər meydanına çevirmək niyyətindəyik. Bunun üçün isə ilk növbədə heyətimizi gücləndirməliyik. Hazırda komandamızın oyunçu potensialı və ehtiyat qüvvəsi məhduddur. Hər hansı futbolçunun zədələnməsi və ya yorulması zamanı onu layiqincə əvəzləmək çətinləşir. Bu baxımdan, xüsusilə qış fasiləsində düzgün transferlər həyata keçirərək heyətin keyfiyyətini və rəqabətini artırmalıyıq.

Azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm. Bu gün tribunada bizi dəstəkləyən kifayət qədər tərəfdarımız var idi. Onların dəstəyi bizim üçün çox önəmlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!