Qurban Qurbanov üçün Gəncədə qisas anı - "Qarabağ"ı ağır səfərdə nələr gözləyir?

17:00 Qarabağ 96
Qurban Qurbanov üçün Gəncədə qisas anı - "Qarabağ"ı ağır səfərdə nələr gözləyir?

"Qarabağ" son dörd oyunda qələbə qazana bilməyib. Üstəlik, komanda son üç qarşılaşmada rəqib qapısına yol tapa bilməyib.

Milli fasilə başa çatıb və azarkeşlərin əsas gözləntisi Qurban Qurbanovun bu müddətdə komandanı toparlaya bilməsidir.

Fasilədən sonra fərqli "Qarabağ" görmək istəyənlərin sayı az deyil.

Ancaq fasilədən sonra Ağdam təmsilçisini heç də asan sınaq gözləmir.

"Qarabağ" Gəncə səfərinə yollanacaq. Bu mövsümə yaxşı başlayan "Kəpəz" isə həm nəticələri, həm də möhtəşəm azarkeş dəstəyi ilə diqqət çəkir.

Gəncə şəhər stadionu hətta iddiasız rəqiblərlə oyunlarda belə dolur.

"Qarabağ"la qarşılaşmada isə tribunaların boş qalacağını düşünmək çətindir.

Artıq oyuna günlər qalmış biletlərin tükənmək üzrə olması da bunu təsdiqləyir.

Bilet satışa çıxdığı gün 8400 ədədi satılmışdı. Dəhşətli göstəricidir.

Bütün bunlar "Qarabağ" üçün səfəri daha da çətinləşdirir. Düzdür, Ağdam klubu böyük təcrübəyə malikdir, möhtəşəm arenalarda, böyük azarkeş kütlələri qarşısında dəfələrlə oynayıb.

Ancaq hazırkı vəziyyətdə Gəncəli azarkeşlərin yaradacağı təzyiqi hiss edəcək futbolçuların sayı az olmayacaq.

Bir sözlə, "Qarabağ"ın uğursuzluq zolağına son qoyması asan görünmür. Üstəlik, "Kəpəz"in baş məşqçisi Azər Məmmədov da "Neftçi" ilə oyundan sonra "Qarabağ"la qarşılaşmaya üç xal qazanmaq gözü ilə baxdığını açıq şəkildə bildirmişdi.

Maraqlıdır, Qurban Qurbanov həmkarının bu iddialı açıqlamasına meydanda cavab verə biləcəkmi?

Bunu 90 dəqiqənin sonunda biləcəyik.

Hələlik dəqiq olan odur ki, "Qarabağ" çox çətin vəziyyətlə üz-üzədir. Komanda çempionluq mübarizəsindən qopmamaq üçün uğursuzluq zolağına mümkün qədər tez son qoymalı, özünə gəlməlidir.

Əks halda, "Kəpəz" səfərində də xal itkisi yaşanarsa, bundan sonra psixoloji baxımdan toparlanmaq "köhlən atlar" üçün daha da çətinləşə bilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti