COP29

“Anlaşa biləcəyim klub olmadığından, karyeramı bitirdim”

11 Avqust 2023 03:40 Səbail 2 572
“Anlaşa biləcəyim klub olmadığından, karyeramı bitirdim”

Geridə qalan mövsüm bitəndən bir müddət sonra futbolçu karyerasını başa vuran Elvin Məmmədov artıq həyatında yeni səhifə açmağa hazırlaşır.

Məşqçilik xəyallarını gerçəkləşdirmək niyyətində olan keçmiş yarımmüdafiəçi "Səbail”in 15 yaşlı uşaqlardan ibarət komandasını çalışdırmağa başlayıb.

Bununla yanaşı B kateqoriyası almaq üçün də çalışır.

Sportinfo.az xəbər verir ki, Məmmədov qaynarinfo-ya açıqlamasında, qarşıdakı planları haqda fikirlərini bölüşüb, həmçinin klublarımızın avrokuboklardakı çıxışına toxunub:

"Səbail”in U-15 komandasında məşqçilik karyerama başlamışam. İnşallah uğurlu olar mənim üçün. Əlbəttə, bu işi sevirəm, həvəsliyəm. Uşaqlarla işləmək daha önəmlidir. Çalışıram ki, karyeram ərzində gördüklərimi, yaxud mənə öyrədilməyənlənləri uşaqlara öyrədim. Bunun üçün zaman lazımdır. İnanıram ki, əlimdən gələnin maksimumunu edəcəyəm. Yarışlarımız sentyabrda başlayacaq”.

Bəzi futbolçular karyeralarını bitirdikdən sonra birbaşa peşəkar komandalarla çalışmaq istəyir. Amma Elvin bir çoxlarının əksinə uşaqlarla işləməyi özü seçdiyini bildirib:

"Hər kəsin istəyinə hörmətlə yanaşıram. Məşqçilik işi tam başqadır. Mənə görə, futbol oynamaq asandır. Amma məşqçiliyin dərinliyini bilmək lazımdır. Qərarım belə idi ki, uşaqlardan başlayıb, təcrübə yığa-yığa irəliləyim. Həm də səhvlərini görürsən. Bu mənim qərarımdır. Həqiqətən çətin işdir. Bir yerdən başlamaq lazım idi. Mən də uşaqları seçdim. B kateqoriyası üzrə təhsil alacağam. Dərslər hələ başlamayıb. Məşqçilik tam başqadır, oxuyub öyrənmək lazımdır”.

Veteran futbolçu karyerasını bitirməklə bağlı qərar verməzdən əvvəl başqa təklifləri olduğunu da söyləyib:

"Karyeramı bitirdikdən sonra "Şamaxı”dan, Birinci Liqada "İrəvan”dan təkliflər vardı. Ən sonda "Turan Tovuz”la danışdıq. Bəzi məsələlərə görə alınmadı. Bu il karyeramı bitirmək niyyətində idim. Hər şeyin başlanğıcı varsa, bitəcəyi nöqtə də var. Qərar verdim ki, məşqçiliyə başlayım və bu addımı atdım. Futbolçu karyeram ərzində mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Əslində, çempionat bitəndən sonra bir müddət futbolçu karyerama davam etmək fikrim vardı. "Şamaxı”ya əlimdən gəldiyi qədər kömək etdim. Sonradan real, anlaşa biləcəyim təklif olmadığından karyeramı bitirdim. Sağ olsun "Şamaxı” rəhbərliyi, qalmağı təklif etmişdi. Onlarla əlaqəm çox yaxşıdır. Birinci Liqada oynamağa layiq deyildilər”.

Maraqlıdır, Elvinin məşqçi kimi kumiri varmı? Hansı oyun üslubundan daha çox xoşu gəlir?

"Bu barədə nəsə demək tezdir. İstər azərbaycanlı, istərsə də xarici məşqçilər olsun, hələ öyrənməliyəm. Hansısa sistem haqqında danışmağım tezdir. Məqsədim uşaqları öyrətməkdir. 15 yaşlı uşaqların komandasında hansı sistemdən danışmaq olar? Biz gənc olanda topu atırdılar qarşımıza, deyirdilər ki, futbol oyna. Amma uşaqlara bu gün sağa, sola, arxa tərəfə baxmağı öyrətmək lazımdır. Kumir? Çox məşqçiyə simpatiyam var. Ad çəkmək istəməzdim. Əlbəttə, gələcəkdə daha peşəkar komandalarda çalışmaq niyyətindəyəm. Hər kəs kimi mənim də hədəflərim, məqsədlərim var. Həm elmi, həm də praktiki cəhətdən bunun üzərində çalışmaq lazımdır”.

Bir sıra PRO kateqoriyalı azərbaycanlı məşqçilər var ki, hazırda işsizdir. Bu kimi məsələlər Elvini nə dərəcədə narahat edir?

"Hər kəsin öz fəlsəfəsi var. Hər kəs özünə görə düzgündür. Kiməsə "bu, məşqçi deyil” deyə irad bildirmək absurddur. İnsan əziyyət çəkib, işləyirsə, deməli, PRO almağa layiqdir. İş baxımından isə bəllidir ki, klub sayı azdır. İndi-indi canlanmalar var. İnşallah bunun futbolumuza xeyri olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti