Çempionatın bütün klubları ayağa qalxdı, pul istədi, PFL-dən bu AÇIQLAMA VERİLDİ

13:00 II Divizion 288
Çempionatın bütün klubları ayağa qalxdı, pul istədi, PFL-dən bu AÇIQLAMA VERİLDİ

Bilindiyi kimi, sentyabrın 1-də II Liqada növbəti mövsüm start götürəcək.

Yarış ərəfəsində çempionat iştirakçıları tələblə çıxış edib.

12 klubun rəhbəri sözü bir yerə qoyaraq, Peşəkar Futbol Liqasının (PFL) qapısını döyüb. PFL-in prezidenti Elxan Səmədova məktub ünvanlayan təmsilçilər ondan dəstək istəyib.

Məqsəd onlara ayrılan illik maliyyə yardımının miqdarının artırılmasına nail olmaqdır. Belə ki, 58000 manat vəsaiti az sayan klublar eyni fikirdədir ki, bu məbləğ normal mövsüm keçirməyə kifayət eləmir.

II Liqa mənsubları UEFA-nın müxtəlif proqramlar çərçivəsində AFFA-ya ayrılan büdcədən, o cümlədən, bonus fondundan pay almaq niyyətindədir.

Məktub müəllifləri hesab edir ki, federasiya ianə kampaniyasının həcmini artırmasa, bir neçə komanda sezonun gedişində fəaliyyətini dayandıra bilər.

Çünki yarışmaçıların bir neçəsinin varlığı konkret olaraq AFFA-nın verdiyi puldan asılıdır, başqa dəstəyi yoxdur.

II Liqa ailəsinin üzvləri bu problemin AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında müzakirəyə çıxarılmasında maraqlıdır. Məsələnin İK üzvlərinin diqqətinə çatdırılmasında Səmədovdan vasitəçilik etməsini xahiş ediblər.

PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bununla bağlı Sportinfo.az-a açıqlama verib:

"Qurum olaraq Peşəkar Futbol Liqası bayrağı altında keçirilən yarışların iştirakçıları olan klublarla, birbaşa üzvlərimizlə münasibətlərimiz hər zaman ən yüksək səviyyədə olub.

Klublar istənilən vaxt qarşılaşdıqları çətinliklər, planları və təklifləri ilə bağlı PFL-ə müraciət edə bilərlər və biz də bu müraciətlərə hər zaman diqqətlə yanaşırıq.

Bəli, II Liqa klubları tərəfindən PFL-ə müraciət daxil olub. Klubların mövcud maliyyə reallıqları ilə bağlı narahatlıqlarını anlayışla qarşılayırıq və onların mövqeyinə hörmətlə yanaşırıq.

PFL olaraq bizim əsas məqsədimiz klublarımızın dayanıqlı fəaliyyət göstərməsi və yarışların sağlam maliyyə mühitində keçirilməsidir.

Bu baxımdan, üzvlərimizdən daxil olan hər bir təklif və müraciəti diqqətdə saxlayırıq.

Mövcud imkanlar və səlahiyyətlər çərçivəsində klublarımıza dəstək olmaq, onların qarşılaşdıqları məsələlərin həllinə töhfə vermək üçün mümkün addımları atmağa çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti