"Elələri var ki, özlərini yuxarıdan, ulduz kimi aparırlar"

17 Fevral 2020 14:48 Səbail 1 002
"Elələri var ki, özlərini yuxarıdan, ulduz kimi aparırlar"

Sportinfo.az "Qəbələ" ilə matçda (2:1) qol hesabını açan "Səbail"in hücumçusu Rauf Əliyevin müsahibəsini təqdim edir:

- İki fərqli hissə oldu və sonda əzmkar qələbə qazandınız. Matçın belə gedişini nə ilə əlaqələndirərdiniz?

- Təkcə oyun başlayanda yox, hətta isinmə hərəkətləri zamanı da hiss olunurdu ki, komandada bir az rahatçılıq var. Onun da ziyanını çəkdik, görüşün əvvəlində, qol buraxdıq. Bu, fasiləyədək qapımız qarşısında yeganə təhlükəli epizod oldu. Əsas odur ki, sonda oyunu çıxara bildik. Komanda artıq birinci hissənin ortalarından özünə gəldi və fasilədən sonra qollarımızı vurduq. Vacib olan uğurlu seriyaya başlamağımızdır, artıq ardıcıl iki matçdır qələbə qazanırıq. Hər şey yolundadır.

- "Səbail"in qış fasiləsindən sonra çıxışında yaxşılığa doğru dəyişiklik var. Halbuki, bu 4 aydır qələbə üzünə həsrət qalan, qış fasiləsində aparıcı futbolçuları gedən komandadır. Dəyişən nədir ki, belə çıxış alınıb?

- Deyə bilmərəm. Bu, futboldur, uğursuzluq seriyası olur. Gedənlər də dediyiniz kimi, yaxşı futbolçular idilər. Özümü kənara qoyuram, gələnlər də komandaya güc qatıb. Oyunda da baxımlılıq hiss olunur. Motivasiyaya gəlincə, toparlanır, oynayırıq. Hər şey qaydasındadır. Komandanın futbolçusuyuq, meydançaya qələbə üçün çıxmalıyıq.

- "Səbail"də qol hesabını artıq açdınız. Sizin üçün bu, üçün nə qədər vacib oldu?

- Hücumçuyam, qol vurmalıyam. Sevinirəm ki, bu dəfə fərqləndim, vacib qol vurdum. Hər şey mənim üçün yaxşıdır.

- Karyeranızda artıq neçənci klubunuzda qol hesabınızı açmısınız?

- Buna diqqət yetirməmişəm. Əsas odur ki, qol vururam. Hücumçuyamsa, bunu etməliyəm.

- Bu mövsüm hər 2 qolunuzu "Qəbələ"yə vurmusunuz. Keçmiş komandanızın qənimisiniz, yoxsa bu, sadəcə, maraqlı təsadüfdür?

- (gülür) Futbolda belə hallar olur.

- "Səbail"də özünüzü necə hiss edirsiniz: Tam uyğunlaşdığınızı söyləmək olar?

- Hər şey yaxşıdır. Mehriban kollektivimiz var. Bütün futbolçular - istər yerlilər olsun, istərsə də əcnəbilər arasında əla ünsiyyət mövcuddur. Bu da komandanın nəticələrinə, meydandakı futboluna təsirini göstərir.

- Bu seriyaya başlayandan sonra Avropa Liqası zonası yaxın görünürmü?

- Bu gün bir az çətin görünə bilər. Çünki bütün komandalar o yer üçün mübarizə aparır. Çempionatın sonunadək əlimizdən gələni edəcəyik.

- "Səbail"ə gəldiyinizə görə peşman deyilsiniz?

- Əlbəttə, ilk növbədə, bura oynamaq üçün gəlmişəm. İndiyədək heç bir kluba keçəndə peşman olmamışam. Ümumiyyətlə, həyatımdakı bütün dəyişikliklərə peşmançılıq keçirməmişəm. Bu gün "Səbail"dəyəmsə, mənim üçün hardasa doğma klubdur. Çünki bu meydanda böyümüşəm, futbola burada başlamışam. Həmin vaxt 20-ci sahə qəsəbəsinin stadionu idi. İlk məşqçim Ramiz Səadətov olub. İndi isə "Səbail" üçün ən yaxşısını etməyə hazıram.

- Qış fasiləsində ayrıldığınız "Neftçi"nin çıxışını izləyirsiniz? Qış fasiləsində baş məşqçi dəyişikliyi oldu, artıq Roberto Bordin yoxdur...

- Yox, izləmirəm. Bütün fikrim "Səbail"dədir.

- Növbəti turdan nə gözləyirsiniz? Digər "qonşu"nuzla - "Sabah"la görüşəcəksiniz...

- İndi elə bir mövqedəyik ki, əlbəttə, arxayınlaşmaq olmaz. Çünki önümüzdəki rəqib də "Sabah"dır. Hardasa əsas rəqiblərimizdən biridir. Ona görə çətin oyun olacaq. Səfərdə çıxış edirik. Bizi çox ağır sınaq gözləyir. "Sabah" da son vaxtlar çox yaxşı çıxış edir. Bizim kimi, iki qələbə qazanıblar, güclü heyətləri var.

- "Səbail"də nominal mərkəz hücumçusu yalnız sizsiniz. Bu, sizi rahatlaşdırmır?

- Xeyr. Həmin mövqedə oynayan futbolçularımız var. Sadəcə, bu gün mən çıxış edirəm və heç bir rahatlıqdan söhbət gedə bilməz. Çünki mübarizə aparıram ki, özümü ən yaxşı tərəfdən göstərim.

- Ulduz futbolçu Maykl Essyenlə komanda yoldaşısınız. Onun futbolçu karyerası məlumdur. Necə insandır: Sizə meydanda, ondan kənarda hansı faydası dəyir?

- Həqiqətən çox xoş hisslərdir ki, belə bir futbolçu ilə eyni komandadayıq. Artıq Azərbaycanda bütün futbolçular bilir ki, Maykl çox sadədir. Deməzsən ki, böyük klublarda oynayıb. Oyunçular var ki, özlərini yuxarıdan, ulduz kimi aparırlar. Essyen isə əksinə, çox sadədir. Həqiqətən peşəkardır, ondan öyrənirik, hamı görüb-götürür. O, çox yaxşı insandır.

Digər Xəbərlər
Xəbər Lenti